07 sentyabr 2026 15:19
185

Tibb işçilərinin maaşlarının artımı səhiyyənin daha da inkişaf etməsinə yeni imkanlar yaradacaq - RƏY

“Ötən həftə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü və bu təşəbbüsün cənab Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi ictimaiyyətdə tibb sahsində möhtəşəm hadisə kimi  dəyərləndirilir. Axı bu, sadəcə əməkhaqqı artımı deyil, eyni zamanda, dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti təzahürü və  səhiyyə sistemində həyata keçirilən ardıcıl islahatların mühüm tərkib hissəsidir.” 

Bu fikirləri  “İki sahil”ə açıqlamasında  Kliniki Tibbi Mərkəzin direktoru,  Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Musa Abbasov deyib.

O, açıqlamasında bildirdi ki,  Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir səhiyyəyə və digər  və sosial məsələlərə önəmli diqqət yetirir. Məhz onun təşəbbüsü ilə bu sahədə bir sıra mühüm layihələr həyata keçirilib. Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüs də həmin yanaşmanın davamı kimi qiymətləndirilməlidir: “Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi isə dövlətin tibb işçilərinə verdiyi yüksək qiymətin göstəricisidir. Qərarın TƏBİB sistemində çalışan 72 212 tibb işçisini əhatə etməsi və bunun üçün əməkhaqqı fondunun 189 milyon manat artırılması məsələnin miqyasının necə geniş olduğunu  aydın şəkildə göstərir. Xüsusilə  həmin qərarın ən mühüm tərəflərindən biri əməkhaqqı artımında differensial yanaşmanın tətbiq edilməsidir.”

Musa Abbasov bildirdi ki, həzırda səhiyyə sisteminin qarşısında duran əsas məsələlərdən biri regionlarda ixtisaslı tibb kadrlarının çatışmazlığıdır: «Son illərdə regionlarda yeni xəstəxanalar tikilir, tibb müəssisələri müasir avadanlıqlarla təmin olunur, səhiyyə infrastrukturunun yenilənməsinə böyük vəsaitlər yönəldilir. Əgər həmin avadanlıqla işləyəcək ixtisaslı mütəxəssis yoxdursa, yaradılmış infrastrukturdan lazımi səmərəni əldə etmək mümkün deyil. Bu baxımdan regionlarda çalışan tibb işçilərinin əməkhaqlarına differensial yanaşmanın tətbiq olunması çox mühüm addımdır. Müəyyən əmsalların tətbiqi və regionlarda çalışan mütəxəssislərin daha yüksək əməkhaqqı ilə stimullaşdırılması onların bölgələrdə işləməyə marağını artıra bilər. Bu, həm regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına, həm də vətəndaşların yaşadıqları ərazidə keyfiyyətli tibbi xidmətə çıxışının yaxşılaşdırılmasına xidmət edəcək.”

Ölkəmizin daha bir tanınmış tibb işçisi, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov da tibb işçilərinin sözügedən maaş artımları barədə “İki sahil”ə açıqlamasında  bildirdi ki, Birinci vitse prezident Mehriban xanım Əiyevanın  bu təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi bir daha göstərdi ki, həyata keçirilən sosial siyasətləri xalqımızın rifahını daha da yüksəltməyə hesablanıb: “Əslində, biz burada dövlət siyasətinin çox mühüm bir prinsipini müşahidə edirik. Belə ki, son 20 ildə paytaxtımızda və regionlarda yüksək səviyyəli xəstəxanalar yaradılıb və həmin tibb müəssisələri  ən müasir avadanlıqlarla təchiz edilib. Lakin, xüsusilə də regionlardakı  bəzi xəstəxanalarda həkim çatışmazlığı mövcud idi ki, bu da tibbi xidmətlərin keyfiyyətini yüksəldə bilmirdi. Bu qərarla həmin çatışmazlıqlar tədricən aradan qaldırılacaq.”

Elçin İbrahimov bildirdi ki, tibb işçilərinin əməkhaqlarının artırılması uzunmüddətli perspektivdə tibbi təhsilə marağın yüksəlməsinə də müsbət təsir göstərəcək. O, gənclər üçün tibb sahəsinin həm sosial, həm də iqtisadi baxımdan daha cəlbedici olmasının gələcəkdə ixtisaslı kadr bazasının genişlənməsinə imkan yaradacağını vurğulayıb: «Yəni,  burada söhbət yalnız tibb işçilərinin maaşlarının artırılmasından getmir. Həm də söhbət səhiyyə sisteminin insan resurslarının gücləndirilməsindən, regionlarda kadr probleminin həllindən, gənclərin tibb sahəsinə marağının artırılmasından və bütövlükdə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsindən gedir. Bir sözlə, burada ən vacib nəticə odur ki, Azərbaycan dövləti  tibb sahəsinə məhz bu formada və müsbət yöndə sərmayə qoymaqla əslində. insan sağlamlığına, səhiyyənin gələcəyinə və cəmiyyətin rifahına sərmayə qoymuş olur.”

E. İbrahimov sonda xüsusi vurğuladı ki, tibb sahəsindəki bu müsbət qərar biz tibb işçilərini TƏBİB rəhbərliyinin vətəndaşların sağlamlığı istiqamətində verdiyi dəyərli tapşırıq və göstərişləri daha yüksək səviyyədə yerinə yetirməyə, xalqın sağlamlığı naminə daha böyük fədakarlıqlar göstərməyə sövq edir.

 Elçin Zaman, “İki sahil”