22 may 2025 23:43
81

Dost və strateji tərəfdaş ölkə

Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır. Bu dost ölkə ilə  Avropa İttifaqı müstəvisində də fəal əməkdaşlıq edirik. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatının müşahidəçi statusda üzv olması bu baxımdan önəmlidir. Mayın 21-də bu ölkədə TDT-nin qeyri-rəsmi sammitinin keçirilməsi də xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 20-də Macarıstana  işgüzar səfəri ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın görüşündə Azərbaycan ilə Macarıstan arasında müxtəlif sahələrdə, xüsusilə enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Mətbuata bəyanat zamanı dövlətimizin başçısının dediyi kimi, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Ölkəmiz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər.

Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir.

Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi ölkələrimiz arasında enerji ötürülməsini və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs, həmçinin Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək. Bu layihələr, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək. Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədi daşıyır.

Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri