“Bədnam azərbaycanofob jurnalist, Amerika Erməni Milli Komitəsinin muzdlusu Lindzi Snell və ona istinadən Ermənistan mətbuatı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumat yayıb”.
“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru professor Mahirə Hüseynova məlumat verib.
Professor deyib: “ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşviş doğurur, davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya bizim Mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapıb. Ancaq ermənilərin təşvişinə heç bir əsas yoxdur. Bizim Mərkəz elmi qurumdur, burada silah deyil, elmi informasiyalar istehsal olunur və araşdırmalar aparılır. Biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik. Bizi bu yoldan heç kim döndərə bilməz”.