22 may 2025 16:58
117

Türk Dövlətləri Təşkilatı böyük regional gücdür

Müasir dünyamızda daim müxtəlif formatlarda təhlükələr yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının həm türkdilli ölkələr və xalqlar, həm də bütün dünya üçün önəmi bundan sonra daha da artacaqdır. Son illərdə Türk dövlətlə ri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Təşkilata üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən də mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artır. Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər.

Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında TDT-yə üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Heç şübhəsiz, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.

Azərbaycan, Türk dünyasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanın, həm Şərq-Qərb nəqliyyat dəhlizindəki mərkəzi rolu, həm də Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması sahəsindəki təşəbbüsləri, bu ölkənin təşkilatda xüsusi yer tutduğunu göstərir. Azərbaycanın sərmayələri, Mərkəzi Asiya və Türkiyə arasında tranzit daşımaların sürətini artırmaq məqsədilə istiqamətlənib. Türk dünyasının iqtisadi əməkdaşlığının daha da dərinləşdirilməsi üçün qarşıda duran əsas çağırışlar arasında daxili bazarlarda rəqabət qabiliyyətinin artırılması və ticari əlaqələrin daha da şaxələndirilməsi önəmlidir. TDT ölkələrinin təbii sərvətləri böyük iqtisadi potensiala sahib olsa da, onların beynəlxalq bazarlarda daha təsirli və sabit mövqe tutması üçün daha irimiqyaslı infrastruktur investisiyaları, regional sərmayə təşviq siyasətləri və vahid iqtisadi siyasətlərin inkişaf etdirilməsi əsas çağırışlardır. 

Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Əminə Ağazadə,

Milli Məclisin deputatı