Macarıstanın Baş naziri Viktor Orban bildirdi ki, bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik
«Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.» Bu günlərdə Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyev bu ölkənin Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatında xüsusi diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr oldu.
Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi ölkələrimiz arasında enerji ötürülməsini və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs, həmçinin Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək. Bu layihələr, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək. Enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.
Cənab İlham Əliyev Budapeşt səfəri zamanı bu reallıqlara da diqqəti yönəltdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Azərobaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır.
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərinin uğurlu icrası hazırda ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolda özünün aydın ifadəsini tapır. Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Çıxışlarında «Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, etibarlılıq vacib amil idi. İkincisi isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə, bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpa olunan enerjidən gedir.
«Əsrin müqaviləsi»nin imzalandığı 1994-cü ildən ötən dövrün təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan hər bir hədəfə ardıcıllıqla nail olur. Qarşıya hədəflər qoyulur, onlara yüksək səviyyədə nail olmaqla yeni hədəfəlr müəyyənləşdirilir. «Əsrin müqaviləsi»ndən sonra regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bu gün bunun bir daha şahidi oluruq. 2017-ci ildə «Yeni əsrin müqavmləsi»nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, etibarlı tərəfdaş kimi artan nüfuzunun təqdimatı oldu. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də tam tərkibdə istifadəyə verildi. Artıq bu gün Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP-ın və TAP-ın tərkibinin genişləndirilməsi əsas hədəflər sırasındadır.
Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Ötən il Azərbaycan dünyanın mötəbər tədbirinə-COP29-a ev sahibliyi etməklə bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya təqdim etdi. Enerji diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən həmin tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. Azərbaycan bir daha nümayiş etdirdi ki, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. «Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də dövlət başçısı İlham Əliyev diqqəti Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinə yönəldərək bildirdi ki, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.
Dövlət başçısı İlham Əliyevin son illərdə elə bir səfəri, görüşü, çvxışı yoxdur ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu imkanlara diqqət yönəldilməsin. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də Qarabağın və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respubilkasının yaşıl enerji zonasına çevrilməsi prioritetdir.
Təkcə son illərdə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, əlbəttə, görüləcək işlər çoxdur. TANAP, TAP genişlənməli, digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli, komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.
Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strtaegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da nəzərə alaq ki, hər dövrün öz çağırışı vardır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu enerji diplomatiyamızın mühüm uğurudur. İkitərəfli əməkdaşlıq əlaqələrinin yeni priortetlər üzrə inkişafı beynəlxalq səviyyədə əlaqələrin inkişafına geniş imkanlar açır. Macarıstanın baş naziri Viktor Orban «Biz dənizə çıxışı olmayan bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya ilə enerji münasibətlərini qoruyub saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik ki, iqtisadiyyatımızın dayanıqlılığı təmin olunsun» söyləyərək onu da bildirdi ki, etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir: «Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik.»
Yeganə Əliyeva, «İki sahil»