Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Qəzənfər Kazımovun "Erməni millətçiliyi və "bizimkilər"" adlı kitabı çapdan çıxıb.
“İki sahil” "Turan Araşdırma Mərkəzi"nə istinadla xəbər verir ki, kitab Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 03 mart 2025-ci il tarixli iclasının 3 №-li protokoluna əsasən "Turan Araşdırma Mərkəzi" tərəfindən "Elm və Təhsil" nəşriyyatında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli və Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin redaktorluğu ilə çap edilib.
Kitab "Turan Araşdırma Mərkəzi"nin qurucu sədri, tanınmış türkoloq, filoloq-tarixçi, ictimai-siyasi xadim, professor mərhum Əjdər Tağıoğlunun Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görmüş "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" elmi əsərilə bağlıdır.
Professor 2006-cı ildə nəşr edilmiş "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" elmi əsərinə yüksək qiymət verərək bu əsərin çoxdan yazılmalı olduğunu və əsərin ən azı 300 illik yaşı olmasınını ön plana çəkməklə "... axır ki türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı" fikrini irəli sürür. Eyni zamanda daxilimizdəki bəzi "bizimkilər" deyərək bilərəkdən, qəsdən erməni və rus alimlərinin məqsədli olaraq Türk düşmənçiliyinə çevrilmiş saxta tarixi dəstəkləyən alimləri də qınayaraq onları da "Milli tariximiz, milli dilimiz naminə... " xidmətə dəvət edir.
Xatırladaq ki, "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabı erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günədək "böyük Armeniya" uydurmasına dair qondarma iddiaları alt-üst edir. Müəllif zəngin tarixi faktlar əsasında geniş araşdırma apararaq rusdilli nəşrlərdə coğrafi ərazi adı "Armeniya" olan sözün mənşəyindən danışır.
Əjdər Tağıoğlu toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşən, eramızdan əvvəl III minillikdə zəngin mədəniyyətə malik qədim "Şupriya"nın ikinci adı olan "Arme" ilə əlaqələndirir. "Arme" adının "Armeniya" formasında yazılışınadək tarixi əsaslarla izahlar verir və bu şəkildə izləyir.
Əjdər Tağıoğlu əsərdə çox maraqlı bir məqama toxunur və "Qafqaz Albaniyası" modelinin XIX əsrin əvvəllərində "Türksüz Qafqaz" siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir. Müəllifə görə, müstəmləkəçi imperiyanın "Qafqaz Albaniyası"nı Kürün sol sahili ilə Alban dənizi arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə məqsədi özünə etibarlı Şərq dayaqları yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnən "xristian qardaşları"na Qafqazda qədim "erməni evi" və "gürcü evi" tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilən bu qanlı siyasətə tarixi don geydirmək üçün sovet dövründə "dostluq və qardaşlıq" pərdəsi altında xristian-bolşevik metodu əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının Qərb sərhədləri birmənalı olaraq dəyişdirilib.
Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilən çoxsaylı tarixi "faktlar"ı sübutlarla alt-üst edir.
Tarixi sənədlər, xəritə və fotolarla zəngin olan 800 səhifəlik monumental əsərin elmi redaktorları tarix üzrə elmlər doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçilər - professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.