Mayın 22-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşanın Torun şəhərində keçirilən XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib. Dünyanın müxtəlif ölkələrindən olan diplomatların və ali təhsil müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə BSU-nun rektoru və nümayəndə heyəti də təmsil olunub.
“İki sahil” xəbər verir ki, çıxışı zamanı rektor Anar Nağıyev bildirib ki, dünyanın ciddi dəyişikliklərə məruz qaldığı, dünya düzənin yenidən formalaşdığı bir dövrdə beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyur. O, realizm və liberalizm debatları kontekstində müasir tarixdə heç vaxt olmadığı qədər sülhə, əməkdaşlığa və dinc yanaşı yaşamağa ehtiyac duyulduğunu vurğulayıb. Rektor, həmçinin, qlobal Şimal və Cənub arasında mövcud olan toqquşmanın əməkdaşlıq və inkişaf fürsətinə çevrilməsinin zəruriliyinə diqqət çəkib.
Anar Nağıyev çıxışında, böyük güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz regionunun son 30 il ərzində ciddi geosiyasi transformasiyalara məruz qaldığını qeyd edərək, bu proseslərin regionun inteqrasiya imkanlarına təsirindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə istinad edən rektor, məhz bu səbəbdən Cənubi Qafqazın inteqrasiya potensialının yetərincə reallaşdırılmadığını bildirib.
Multikultural dəyərlərin və dinc yanaşı yaşama prinsipinin əhəmiyyətini önə çəkən BSU-nun rektoru bildirib ki, Azərbaycan cəmiyyətində əsrlər boyu formalaşmış multikultural dəyərlər regionda sülh və sabitliyin təminində nümunə ola bilər. O bildirib ki, müxtəlif dinlərə və dillərə mənsub xalqların birgəyaşayışını təmin edən Azərbaycan bu gün regional inteqrasiyada mühüm rol oynayır. Etimad, qarşılıqlı hörmət və dinc yanaşı yaşamağın isə sabit regional inteqrasiyalar və təhlükəsizlik sistemlərinin formalaşmasına yol açacağını vurğulayıb.
Anar Nağıyev bu gün Türk Dövlətləri Təşkilatının bütövlükdə geniş bir regionun inkişafında və inteqrasiyasında mühüm rolundan bəhs edərək, təşkilatın yeni geosiyasi platformaların mərkəzində yer aldığını və müasir dövrün qlobal çağırışlarına cavab verə bilən artan əhəmiyyətini vurğulayıb.
O, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində fəal mövqeyindən söz açaraq, ölkəmizin Avropa, Asiya, Türk Dünyası və İslam ölkələri ilə müxtəlif geosiyasi platformalarda uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Rektor, həmçinin Azərbaycanın islamofobiya və müstəmləkəçiliklə qlobal mübarizədə mərkəzi platformalardan birinə çevrildiyini bildirib.
Rektor çıxışında Azərbaycanın 2019–2024-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçilik, dünya mədəni irsinin qorunması, insan inkişafı, COVID-19 pandemiyasına qarşı mübarizə, iqlim dəyişikliyi kimi qlobal əhəmiyyətli məsələləri diqqətə çatdıraraq, ötən il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişiklikləri üzrə Konfransı – COP29-un ölkənin bu sahədə artan beynəlxalq rolunu nümayiş etdirdiyini qeyd edib. Rektor iqlimlə mübarizə istiqamətində əldə edilən razılaşmalar və nailiyyətlərdən bəhs edərək, Azərbaycanın bu kimi təşəbbüslərlə müasir beynəlxalq münasibətlər sistemində qlobal problemlərin müzakirə platformasına çevrildiyini və əsaslı rol oynadığını xüsusi qeyd edib.
Rektor Anar Nağıyev çıxışında Azərbaycanın nəqliyyat və enerji mərkəzi kimi artan roluna toxunub. O bildirib ki, bu gün dünyanın əsas nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilən Azərbaycan, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli münasibətlərin mövcud strukturunda resurslar və onların daşınması əsas rol oynayır.
Əsasən xam neft və təbii qaz istehsalçısı olan Azərbaycan, eyni zamanda yaşıl enerjinin Avropanın enerji bazarlarına çatdırılması məqsədilə müxtəlif layihələrə sərmayə yatırır. 2022-ci ildə Avropa İttifaqı Komissiyası ilə imzalanmış enerji üzrə strateji tərəfdaşlıq sazişi Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz ixracını iki dəfə artırmaq niyyətini ortaya qoyur və ölkəmizin Avropanın enerji təhlükəsizliyində, xüsusilə də mövcud geosiyasi çağırışlar fonunda, həlledici rolunu bir daha təsdiqləyir.
Rektor çıxışında qeyd edib ki, bu ilin aprel ayında Almaniya Federativ Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Ukraynada davam edən müharibə fonunda Rusiyadan Avropa bazarlarına enerji daşıyıcılarının nəqlinin dayandırıldığı bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm və strateji rol oynadığı xüsusi vurğulanıb.
Çıxışının sonunda rektor son 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərək son 30 ildə hücuma və təcavüzə məruz qalan ölkədən etibarlı tərəfdaşa və qlobal Şimalla Cənubu birləşdirən bir regional mərkəzə çevrildiyini vurğulayıb.