Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev, ATİAHİ RK-nin sədr müavini Mirzə Cəfərzade, “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev müsabiqə ilə bağlı geniş təqdimatla çıxış edib.
ADPU-nun rektoru Cəfər Cəfərov müsabiqənin məqsədlərindən danışaraq bildirib ki, ilk növbədə istedadlı və liderlik bacarığı olan tələbələri aşkarlayıb onların şəxsi inkişafına dəstək verməyi planlaşdırıblar. Müsabiqənin məqsədlərindən biri də universitetin kadr ehtiyatını formalaşdırmaq, tələbələrin potensialını üzə çıxarmaq və məzunları müxtəlif yollarla universitetin idarəçiliyinə cəlb etmək olub.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin gələcək liderlərindən tələb olunan keyfiyyətlərə toxunub.
Nazir müavini qeyd edib ki, təhsilin gələcək liderləri elə keyfiyyətlərə malik olmalıdırlar ki, qarşılarına çıxan problemləri həll edə bilsinlər. Müasir texnologiyaların sürətli inkişafı bir tərəfdən təhsilin inkişafına müsbət təsir edirsə, digər tərəfdən məlum olmayan problemlərə yol açır. Gələcəkdə o insanlar ölkənin inkişafını təmin edəcəklər ki, razılaşdırılmamış mühitdə, böhran vəziyyətində düzgün qərar qəbul etmək bacarığına malik olsunlar.
“BP"nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz növbəsində bildirib ki, təmsil etdiyi şirkət iqtisadi fəaliyyəti ilə yanaşı, cəmiyyətin sosial həyatında da yaxından iştirak etməyə çalışır və şirkətin sosial fəaliyyətinin əsas hissəsi təhsil sektorundadır. Həyata keçirilən layihələrin 75 faizi də məhz təhsil sahəsinə yönəlib.
Fərhad Hacıyev isə çıxışında deyib ki, “Yüksəliş” müsabiqəsi bir ənənə formalaşdırıb və “Gələcək təhsil liderləri” bu ənənəni davam etdirir. O, müsabiqə qalibləri və ADPU tələbələrinə “Yüksəliş”ə qoşulmağı tövsiyə edib.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. Tədbirdə həm də müsabiqənin İşçi qrupunun üzvləri, ekspertləri və ötən ilin qalibi olaraq mentorluq proqramını uğurla tamamlayan tələbə və məzunlar mükafatlandırılıblar.
Tədbir bədii proqramla başa çatıb.