23 may 2025 23:14
94

Müstəqillik Gününə həsr olunan voleybol yarşı

“28 May-Müstəqillik Günü” münasibətilə  Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərdən təşkil olunmuş   komandalar arasında voleybol idman növü üzrə rayon turnirinin final mərhələsi keçirildi.

Turnirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əskərov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi qonaqlar iştirak etdilər.

Çıxışlar zamanı natiqlər  respublikamızda ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bölgələrdə də, rayonlarda da idmanın inkişafı üçün infrastrukturun yüksək səviyyədə qurulduğu barədə tədbir iştirakçılarına ətraflı  məlumat verdilər.

Qələbə uğrunda gərgin mübarizə aparan  8 komandadan turnirin birincisi   Yardımlı rayon 2 saylı tam orta məktəbin “İstiqlal” komandası oldu. II yerə Yardımlı rayon Horovar kənd tam orta məktəbin Uğur komandası, III yerə isə Yardımlı rayon Sırıq kənd tam orta məktəbin Hilal komandası layiq görüldü.

Qalib komandalar kubok, diplom və medallarla təltif olundular.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü