24 may 2025 00:14
101

Meşələrə yeni nəfəs qatanlar...

Talış meşələri öz əsrarəngiz gözəlliyi, özünəməxsus zəngin faunası və florası ilə seçilir. Hətta dünyanın heç yerində rast gəlməyən ağac növləri burada bitir. Nə yaxşı ki, bunları qoruyub saxlayanlar, eləcə də  yaşıllıqları artırmaqla təbiətə yeni nəfəs gətirənlər vardır. Bunlar  1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarıdır.  Meşəçilərin öz işlərinə bağlılığı, sonsuz həvəsi indi  yeni salınan, cərgə-cərgə boy verən körpə fidanlardan daha yaxşı bilinir.

Mərkəzin əməkdaşları gələn aylar, illər üçün təbiətin yaşıllığına gözəl töhfə olan  vaxtaşırı ağac əkmə aksiyaları təşkil edirlər.  Qısa zaman kəsiyində meşəçilər tərəfindən Vizəzəmin meşəbəyiliyinin 13 saylı  dolayında 1.0 hektar  ərazidə vələs cinsindən meşə əkini aparılıb.

Həmçinin   Lerik meşəbəyiliyinin 6 saylı  dolayında 3x2 m sxemində  40 ədəd  bəzəkli gül kolu, 445 ədəd cökə,  1165 ədəd göyrüş  ağacları əkilib və onlara aqrotexniki  quluq  göstərilib. Bu təqribən yaxın gələcəkdə 1 hektardan çox zümrüd donlu  meşə  deməkdir.  Növbəti ağac əkmə  kampaniyası isə 10 saylı meşə dolayında keçirilib. Əvvəlcə  1 hektar ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq  zonasında  təmizlik  işləri görülüb. Sonra torpağa  müxtəlif növ  ağac tingləri  əkilib. Onların suvarması  təmin edilib, qoruması, normal böyümələri üçün yanlarında dirəklər basdırılıb.

Mərkəzin əməkdaşı Habil Əliyev bildirdi ki, müntəzəm belə aksiyaların təşkilində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək etmək, zümrüd donlu meşələrə, eləcə atmosferin oksigeninə  zənginlik qatmaq,  ictimaiyyətin diqqətini yaşıl donunun qorunmasına yönəltməkdir.  Əkilən hər bir tingi nəzarətdə saxlamaq, onlara mütəmadi  qullu göstərməsi bundan sonra da davam edəcək.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü