23 may 2025 17:35
121

Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olunub

İstanbulda 7-ci Etnosport Mədəniyyət Festivalı start götürüb. Dünya Etnospor Birliyinin təşkilatçılığı ilə baş tutan festival İstanbul Atatürk Hava Limanında 4 gün davam edəcək.

“İki sahil” xəbər verir ki, 35 ölkənin qatıldığı festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi sənətlər, mətbəx nümunələri və səhnə sənətləri kimi müxtəlif sahələrdə tədbirlər keçiriləcək.

Festivalın açılış mərasimində Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, İstanbul Valisi Davut Gül, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik,  Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, eləcə də ölkəmizi təmsil edən təşkilat və media nümayəndələri ilə yanaşı, bir çox ölkələrdən rəsmi nümayəndələr iştirak ediblər.

Protokol üzvləri Han Çadırı önündə təşkil olunan mərasimdə lent kəsərək festivalın rəsmi açılışını həyata keçiriblər.

Ölkəmiz festivala Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərlik nümayəndə heyəti və 20 Qarabağ atı ilə qatılıb.

Türk dünyasının milli-mənəvi dəyərlərini özündə birləşdirən və minlərlə ziyarətçini qəbul edən bu mötəbər tədbirdə “Zəfər” şou-kompozisiyasında Qarabağ atlarının özünəməxsus çıxışı, incə Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün hazırlanmış yeni orkestrin ifaları təqdim olunub.

Milli musiqi alətlərində səsləndirilən “Yallı”, Maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, “Sərhədçi” rəqs ansamblının coşqulu çıxışları və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində sərgilədiyi qeyri-adi performans festival iştirakçılarının böyük marağına səbəb olub.

Festival çərçivəsində Bilal Ərdoğan və Elçin Quliyev arasında görüş baş tutub və tədbirə dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq ifadə olunub. Bilal Ərdoğan Azərbaycan nümayəndə heyətinin festivaldakı möhtəşəm çıxışından məmnunluğunu bildirərək, milli sərvətimiz olan Qarabağ atlarının yenidən izləyiciləri valeh etdiyini vurğulayıb.

Festivala dəvət edilən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev bildirib ki, türk dünyasının milli-mədəni irsini təbliğ edən bu cür beynəlxalq festivallar birliyin, həmrəyliyin və ortaq dəyərlərin güclənməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır: “Azərbaycan nümayəndə heyətinin Qarabağ atları ilə sərgilədiyi yüksək səviyyəli çıxış, milli musiqimizin və rəqslərimizin təqdimatı təkcə mədəniyyətimizin zənginliyini deyil, eyni zamanda, azərbaycanlı gənclərin bu dəyərlərə olan bağlılığını da nümayiş etdirdi. İctimai Birlik olaraq biz bu cür tədbirləri milli kimliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca önəmli hesab edirik. Tədbirdə iştirak etmək və türk dünyasının ortaq ruhunu yaşamaq bizim üçün böyük fəxr və məsuliyyətdir”.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin çıxışları 25 may tarixinədək davam edəcək.

Nigar Orucova, “İki sahil”