26 may 2025 01:34
297

Azərbaycanın mühüm nəqliyyat dəhlizlərinə çıxış imkanları Macarıstan üçün strateji əhəmiyyət kəsb edir

Azərbaycan Respublikası ilə Macarıstan arasında ikitərəfli münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar prinsipi əsasında qurulmuşdur. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləməkdə davam edir. Siyasi dialoq, iqtisadi əlaqələr, enerji əməkdaşlığı, mədəni və humanitar sahələr üzrə qarşılıqlı əlaqələr bu münasibətlərin əsas sütunlarını təşkil edir. Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulmuşdur. O vaxtdan etibarən iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər intensivləşmiş, siyasi dialoq daha da dərinləşmişdir. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən ölkələrdən biridir. 2023-cü ildə Macarıstan Azərbaycan qazı almaq istəyən ilk Mərkəzi Avropa ölkəsi kimi tarixi addım atmış və enerji sahəsində əməkdaşlıq yeni mərhələyə keçmişdir.

Mədəniyyət sahəsində qarşılıqlı tədbirlər, sərgilər, musiqi festivalları və mədəniyyət günləri keçirilir. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti bu sahədə münasibətlərin inkişafına töhfə verir.

Xəzər-Qara dəniz nəqliyyat marşrutları və Orta Dəhliz layihəsi Macarıstan üçün Çin–Avropa yükdaşımalarında alternativ yollar yaradır. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycan limanlarının potensialı Macarıstan tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan və Macarıstan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq edir. Macarıstan Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyir, eyni zamanda Türkdilli Dövlətlər Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır. Macarıstan bu təşkilatda müşahidəçi statusuna malikdir və türk dünyası ilə əlaqələrinə xüsusi önəm verir. Azərbaycanda isə Macarıstan mədəniyyətinə dair müxtəlif tədbirlər keçirilir. Təhsil sahəsində əməkdaşlıq “Stipendium Hungaricum” təqaüd proqramı vasitəsilə daha da dərinləşmişdir. Bu proqram çərçivəsində hər il yüzlərlə azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil almaq imkanı əldə edir. Eyni zamanda, elm və tədqiqat sahəsində universitetlər arasında memorandumlar və əməkdaşlıq protokolları imzalanmışdır. Humanitar sahədə birgə layihələr və tələbə mübadiləsi proqramları qarşılıqlı anlaşmanın artmasına səbəb olur. Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat dəhlizlərinə çıxış imkanları Macarıstan üçün strateji əhəmiyyət kəsb edir.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Macarıstanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi iki ölkə arasında dostluq münasibətlərinin gücləndiyini göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərləri və macar baş naziri Viktor Orbanın Bakıya etdiyi rəsmi səfərlər ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə vermişdir. 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu münasibətlərin siyasi çərçivəsini müəyyən etmişdir. İki ölkə arasında iqtisadi əlaqələr son illərdə ciddi şəkildə inkişaf edir. Enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və sənaye sahələrində əməkdaşlıq imkanları genişdir. Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Macarıstan Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələri, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir.

Zoya Caniyeva,
Xətai rayonu, Y.Yusifov adına 265 nömrəli tam ort məktəbin ibtidai sinif müəllimi