Bu il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondundan (IMF) aldığı xüsusi borcalma hüquqları (SDR) çərçivəsində əldə etdiyi vəsaitlərin həcmi 1 milyard 172,8 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə AMB-nin maliyyə hesabatında qeyd edilib.
Hesabata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 % azalıb.
Qeyd edək ki, SDR-lər Valyuta Fondu tərəfindən üzv ölkələrə şərtsiz şəkildə ayrılan ehtiyat aktivləridir. SDR-lərin ümumi paylanması 28 avqust 2009-cu ildən qüvvəyə minib və məqsədi üzv ölkələrin rəsmi valyuta ehtiyatlarını dəstəkləməklə qlobal maliyyə sisteminin likvidliyini artırmaqdır. Paylanma prosesində vəsaitlər üzv ölkələrin IMF-dəki kvotalarına uyğun şəkildə bölüşdürülür.
Bundan əlavə, 10 avqust 2009-cu il tarixində IMF-in Nizamnaməsinə edilən Dördüncü düzəliş əsasında xüsusi birdəfəlik SDR paylanması həyata keçirilib. Bu düzəliş çərçivəsində, 9 sentyabr 2009-cu il tarixində Azərbaycana 34,3 milyon SDR (78,41 milyon manat) məbləğində xüsusi pay ayrılıb və nəticədə ölkənin ümumi SDR həcmi 119,3 milyon SDR-a (272,72 milyon manat) çatıb.
2021-ci ildə isə IMF pandemiyanın təsirlərini yumşaltmaq və qlobal iqtisadi dirçəlişi dəstəkləmək məqsədilə üzv ölkələrə növbəti ümumi SDR paylanması həyata keçirib. Bu mərhələdə Azərbaycana əlavə 375,4 milyon SDR (858,164 milyon manat) məbləğində vəsait ayrılıb.
SDR-lərdən istifadə edən üzv ölkələr bu vəsaitləri IMF ilə əməliyyatlar aparmaq üçün istifadə edə bilərlər. AMB bu paylamaları valyuta öhdəlikləri kimi uçota alır.