27 may 2025 10:54
183

28 May – Müstəqillik Günü şanlı tariximizin ən parlaq və qürurlu səhifələrindəndir

Yüz yeddi il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixinə, xalqımızın həyatına böyük əhəmiyyətli hadisə, şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gün kimi daxil oldu. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Cümhuriyyətin yaradılması xalqımızın milli mənlik şüurunun bərpası, azərbaycançılıq ideyasının təşəkkülü baxımından əhəmiyyətli dönüş nöqtəsi oldu. Avropa dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən bu dövlət modeli, gələcək nəsillərə milli qürur və dövlətçilik təməlləri miras qoydu.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması müstəqilliyə gedən yolda atılmış cəsarətli addım idi. Bu, həm də Xalq Cümhuriyyətinin ideallarına sədaqətin təntənəsi idi.

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bu irsi müasir dövrə daşıyaraq, Azərbaycanın davamlı və təminatlı inkişaf yolunu müəyyən etdilər. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Bu gün ”Respublika Günü” nü qalibiyyət və qürurla qeyd edirik. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyevin15 oktyabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə mayın 28-i Müstəqillik Günü elan edilmişdir və xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü milli bayram kimi qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Alıi Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və  rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, Qarabağımızın azadlığı uğrunda uğurla həyata keçirdiyi və dünya hərb tarixinə xüsusi imza atmış möhtəşəm döyüşlər, hərbi əməliyyatlar nəticəsində artıq bu gün torpaqlarımız işğaldan azaddır. Bu gün Şuşada, işğaldan azad edilən ərazilərdə Azərbaycanın Şanlı Dövlət Bayrağını dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin əmanətinin qorunduğunu, Azərbaycanın əbədi və dönməz müstəqillik yolunda inamla irəlilədiyini göstərir. Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edərək daha böyük uğurlara imza atacaqdır!

Mehman Əliyev,
YAP Xətai rayon təşkilatının fəal üzvü