27 may 2025 11:56
272

28 May – Müstəqillik Günü: Tarixi Zəfərin və dövlətçilik irsinin təcəssümü

28 May – Azərbaycan xalqının tarixində mühüm yer tutan, milli kimlik və azadlıq arzularının gerçəkləşdiyi bir gündür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildi və bu hadisə Şərqdə ilk demokratik respublikanın yaranması ilə nəticələndi. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, onun qoyduğu dövlətçilik ənənələri müasir Azərbaycanın inkişafında əhəmiyyətli rol oynamışdır. 1918-ci ilin çətin geosiyasi şəraitində Tiflis şəhərində elan olunan Azərbaycan Xalq Cümhuriyyəti, xalqın müstəqillik əzmini təcəssüm etdirən böyük siyasi addım idi. Cümhuriyyət parlamentli idarəetmə, bərabərlik, azadlıq və dünyəvilik prinsipləri üzərində qurulmuşdu. Qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti kimi tarixə düşmüşdü. Lakin Ermənistanla müharibə, daxili çətinliklər və bolşevik işğalı nəticəsində 1920-ci ilin aprelində AXC süqut etdi. Bu, xalqın azadlıq arzularının müvəqqəti olaraq ertələnməsi demək idi.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, bu dövr daxili və xarici təhlükələrlə müşayiət olunurdu. Separatçılıq, iqtisadi çöküş, Ermənistanın hərbi təcavüzü, siyasi qeyri-sabitlik və xaos ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir məqamda xalqın tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çıxış etdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması dahi rəhbərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı.

Ulu öndərin siyasi kursunu 2003-cü ildən etibarən layiqincə davam etdirən cənab Prezident İlham Əliyev atasının müəyyən etdiyi strateji xətti davam etdirərək, Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addımlar atdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə Azərbaycanı beynəlxalq nəqliyyat və enerji qovşağına çevirən güclü iqtisadi artım və infrastruktur layihələri, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanan və Azərbaycanın ərazi bütövlüyü bərpa edən dövlət müstəqilliyinin real suverenliklə möhkəmləndirilməsini təmin edən ordu quruculuğu və Qarabağ zəfəri, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi (IV İslam Həmrəyliyi Oyunları, COP29 və s.) diplomatiya və beynəlxalq nüfuzun artması, “Heydər Əliyev İli”nin elan olunması, Zəfər Gününün təsis edilməsi və şəhidlərə göstərilən ehtiram dövlətin ideoloji əsaslarını möhkəmləməsinə əsas verən bütün bu nailiyyətlərə cənab prezident öz imzasını atmışdır.

Prezident İlham Əliyev müasir dövrdə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə tam suveren dövlət kimi möhkəmlənməsinə nail oldu. 28 May – Müstəqillik Günü, yalnız tarixi hadisənin xatırlanması deyil, eyni zamanda müasir Azərbaycanın uğurlarının təntənəsidir. Bu gün, AXC-nin ideallarının reallaşdığı, Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu dövlətin Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda güc mərkəzinə çevrildiyi bir dövrə şahidlik edirik.

Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatınln "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini