27 may 2025 11:47
280

Qarabağ və Dilbaz cins atlarının çoxaldılması üçün 500 min manat xərclənib

Ötən il dövlət büdcəsindən Qarabağ və Dilbaz cins atlarının çoxaldılması, cinslərinin yaxşılaşdırılması məqsədilə 500 min manat vəsait ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, Qax Damazlıq İpəkçilik Stansiyasına, barama qurutma məntəqələrinə maliyyə yardımının verilməsinə, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanmasına və digər kənd təsərrüfatı tədbirləri məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasına 0,5 milyon manat, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanması məqsədilə 0,2 milyon manat, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili tədbirlərinə 0,1 milyon manat, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi tədbirinə 0,9 milyon manat, dövlət proqramlarının icrasının təmin edilməsi tədbirlərinə 0,3 milyon manat, ortofotoların hazırlanması və süni intellektin tətbiqinə isə 10,0 milyon manat olmaqla ümumilikdə 12,5 milyon manat vəsait ayrılıb.