27 may 2025 11:23
319

Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan, qürurverici bir gün

28 May Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan, qürurverici bir gündür. Bu gün, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı gündür. AXC təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının ilk demokratik respublikası olmuşdur. Bu, xalqımızın azadlıq, ədalət və bərabərlik arzularının rəsmi şəkildə gerçəkləşməsi idi. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət – cəmi 23 ay yaşasa da, bu dövrdə çox mühüm islahatlara imza atdı. Dövlət atributları yaradıldı, ilk parlament formalaşdı, qadınlara seçki hüququ verildi, milli ordu quruldu və Bakı Dövlət Universiteti təsis olundu. Bu, xalqımızın siyasi düşüncəsinin və idarəçilik bacarığının yüksək səviyyədə olduğunu göstərdi.Tarixin səssiz səhifələrində elə günlər var ki, zaman keçsə də, əks-sədası ruhumuzda yaşayır. 28 May – elə bir gündür. Bu tarix sadəcə bir təqvim günü deyil, bu, millətin qürurla yazdığı azadlıq dastanının başlanğıcıdır1918-ci ilin isti yaz günündə, min illər boyu istibdad və zülm altında inləyən bir xalq, öz tale kitabının səhifəsini özü çevirdi.

Azərbaycan Xalq Cümhuriyyəti – bir millətin azadlıq nəfəsi, istiqlal nəğməsi idi. Səslərin içindən boylanan “müstəqillik!” çağırışı, minlərlə ürəyin bir ritmdə döyündüyü o an – tariximizin əbədi zirvəsinə çevrildi.Bu cümhuriyyət, təkcə bir dövlətin deyil, ruhun oyanışı idi. Qadın ilk dəfə söz haqqını aldı, məktəblər bilik işığını saçdı, bayrağımız ilk dəfə göylərə ucaldı – üç rəngli, ayulduzlu, hər damlası bir anlamla dolu.Bəli, 23 ay… Qısa bir ömür, amma əbədi bir iz. Elə bir iz ki, onu zaman belə silə bilmədi. Sovetlərin qaranlıq kölgəsi bu işığı gizlətməyə çalışsa da, Azərbaycan xalqının yaddaşından silinmədi bu azadlıq. Sönən alov külün altında gizlənib, bir gün yenidən köz oldu, alova çevrildi – 1991-də. Biz yenidən doğulduq, amma bu dəfə daha möhkəm, daha inamla.

Bu gün – 28 May – sadəcə bayram deyil, bu gün bizim özümüzə söz verdiyimiz gündür. “Müstəqil olmaq kifayət deyil – azad yaşamaq, layiq yaşamaq lazımdır” deyə öz-özümüzə and içdiyimiz gündür. Əziz Azərbaycan! Sən təkcə torpaq deyilsən, sən azadlığın rəmzisən. Bayrağın yellənəndə biz daha dik dururuq, himnin səslənəndə qəlbimiz daha gur döyünür. Biz bu torpağın övladlarıyıq – və sənin müstəqilliyini qorumaq bizim borcumuzdur. Bu gün ruhumuzda istiqlal bayramıdır. Gözlərimizdə Xalq Cümhuriyyətinin parlaq ümidləri, qulaqlarımızda 1918-ci ilin azadlıq səsləri var.

Aytən İbrahimova,
YAP Xətai rayon təşkilatının fəalı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllimi