ABŞ-ın “Chevron” neft şirkəti İndoneziyada iri neft və qaz aktivlərinin kəşfiyyatı və inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bunu İndoneziyanın neft və qaz tənzimləyici qurumu “SKK Migas”ın sədri Coko Sisvanto da təsdiqləyib, “Reuters” xəbər verir.
Şirkət təxminən 15 trilyon kubfut potensial qaz ehtiyatı olan blokları hədəfə alıb və hazırda imkanları qiymətləndirir.
İndoneziya Bali və ölkənin digər şərq hissələri kimi bölgələrdə neft və qaz blokları təklif etməyə hazırlaşır.
Şirkətin Asiya-Sakit Okean regionu üzrə sözçüsü Kameron Van Ast bildirib: "Biz “SKK Migas” ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Bununla belə, uzunmüddətli siyasətimizə əsasən, bu tapşırıqların təfərrüatlarını müzakirə etmirik.”
Xatırladaq ki, “Chevron” İndoneziyadan 2023-cü ildə dərin sularda paylarını sataraq çıxmışdı.
Şirkət həmçinin bu yaxınlarda uğursuz kəşfiyyat cəhdlərindən sonra Misirdəki Qırmızı dəniz neft və qaz konsessiya bloklarından çıxıb.
Misir Neft Nazirliyi qeyd edib ki, Chevron və digər transmilli şirkətlər öz səylərini Misir daxilindəki digər ərazilərə, xüsusilə də Aralıq dənizinə köçürür.
Bundan əlavə, bu ilin aprelində İndoneziya müxtəlif şirkətlərə beş neft və qaz kəşfiyyatı bloku verib. Bu aksiya neft və qaz hasilatının on illik azalmasını aradan qaldırmaq və milli enerji təhlükəsizliyini gücləndirmək üçün strateji təşəbbüsün bir hissəsidir.
Ölkə investisiya cəlb etmək və enerji sektorunu canlandırmaq üçün yaxın illərdə 60-a yaxın blok təklif etməyi planlaşdırır.
Nubar Süleymanova, “İki sahil”