Biz müstəqilliyi yalnız bərpa etməmişik, onu möhkəmləndirmişik və əbədiləşdirmişik
Tarixdə bəzi günlər vardır ki, onlar millətlərin taleyində dönüş nöqtəsinə çevrilir. 1918-ci ilin 28 mat tarixi Azərbaycan xalqı üçün belə bir gündür. Həmin gün əsrlər boyu arzulanan müstəqillik reallaşdı, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Bu, yalnız xalqımızın deyil, bütün Şərqin və müsəlman aləminin ilk dünyəvi, demokratik və hüquqi parlament respublikası kimi tarixə düşdü. AXC-nin qurulması ilə qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Bu sənəd insan hüquqları, xalq hakimiyyəti və bərabərlik prinsipləri ilə Cümhuriyyəti dövrünün qabaqcıl dövlətləri sırasına çıxardı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC Azərbaycanın siyasi-hüquqi tarixində silinməz iz qoydu. Milli parlament və hökumət quruldu, dövlət atributları qəbul edildi, ordu yaradıldı, təhsil və mədəniyyət sahəsində islahatlara başlanıldı, xarici əlaqələr quruldu və beynəlxalq tanınma istiqamətində mühüm addımlar atıldı. Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etməsi xalqın öz torpaqlarını müdafiə etmək iradəsini nümayiş etdirdi. Qəbul edilən qanunvericilik aktları isə ölkənin hüquqi, sosial və iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırdı.
Cümhuriyyətin ən mühüm hədəflərindən biri də beynəlxalq aləmdə tanınmaq və diplomatik əlaqələr qurmaq idi. Birinci Dünya müharibəsinin nəticəsi olaraq formalaşan yeni beynəlxalq düzəndə Azərbaycanın yeri və rolu müəyyən edilməli idi. Bu məqsədlə Azərbaycan hökuməti Avropanın bir sıra ölkələrinə rəsmi məktublar göndərdi və Paris Sülh Konfransında ölkəmizin müstəqilliyinin tanınmasına çalışdı. Bu istiqamətdə atılan addımlar nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti de-fakto şəkildə tanındı və beynəlxalq hüququn subyekti statusunu qazandı. Bu tanınma sonradan baş verən bolşevik işğalından sonra belə Azərbaycanın müstəqil dövlət kimi tamamilə yoxa çıxmasının qarşısını aldı və gələcək nəsillərə müstəqillik ideyasını miras qoydu.
Cümhuriyyət həm maarif, həm ədalət gətirdi
Azərbaycan Xalq Cümhuriyyəti, tarixə yalnız ilk demokratik, hüquqi və dünyəvi Şərq respublikası kimi deyil, həm də milli dirçəliş və dövlət quruculuğu baxımından mühüm bir mərhələ kimi daxil olub. Bu dövrdə əldə edilən nailiyyətlər, xüsusilə təhsil, mədəniyyət və ədliyyə sahəsində atılan addımlar Cümhuriyyətin maarifçi və hüquqi mahiyyətini aydın şəkildə göstərir. 1918-ci ilin avqustunda qəbul olunan “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərar milli kimliyin möhkəmləndirilməsi və təhsil sahəsində dönüş nöqtəsi oldu. Bu qərarla Azərbaycanda təhsilin ana dilində aparılması təmin edildi. O vaxta qədər təhsilin böyük hissəsi rus və fars dillərində həyata keçirilirdi və bu vəziyyət xalqın öz mədəni irsinə yiyələnməsini ciddi şəkildə məhdudlaşdırırdı. Ana dilində təhsilin tətbiqi isə milli şüurun formalaşmasına, milli mədəniyyətin inkişafına və maarifləndirmənin geniş kütlələrə çatdırılmasına xidmət edirdi.
Təhsil sahəsində atılan ən mühüm addımlardan biri də 1919-cu ilin sentyabrında Bakı şəhərində universitetin açılması haqqında qanunun qəbul edilməsi oldu. Bu qərar Cümhuriyyətin gələcək milli və peşəkar kadr potensialının formalaşdırılması istiqamətində strateji əhəmiyyət daşıyırdı. Bakı Dövlət Universitetinin təsis edilməsi və onun üçün Nizamnamənin hazırlanaraq təsdiq olunması milli dövlətçiliyin intellektual dayaqlarını formalaşdırmaq məqsədinə xidmət edirdi. Universitetin yaradılması ilə yanaşı, orta və ali ixtisas məktəblərinin, həmçinin müxtəlif mədəniyyət və elmi ocaqların açılması üçün də ciddi hazırlıqlar aparıldı. Bu addımlar bir daha göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız müstəqil siyasi qurum deyil, həm də mədəni və elmi tərəqqiyə yol açan maarifçi bir dövlət idi.
Ədliyyə sisteminin qurulması və hüquqi islahatlar da Cümhuriyyətin ən mühüm fəaliyyət sahələrindən biri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün – 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyinin də əsası qoyuldu. Bu fakt Cümhuriyyət rəhbərlərinin hüquqi dövlət modelinə sadiqliyini və ədalət prinsipini dövlət idarəçiliyinin əsası kimi qəbul etdiklərini təsdiqləyir. Həmin dövrdə ədliyyə orqanlarının və məhkəmə sisteminin fəaliyyətini tənzimləyən mühüm hüquqi sənədlər qəbul olundu. Xüsusilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi və noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiqlənməsi bu sahədə strukturlaşmış və müasir hüquqi mexanizmlərə uyğun idarəçiliyin əsasını qoydu.
Müstəqilliyin keşiyində: Ulu Öndərin xilaskarlıq yolu
Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi. Bu dərin mənalı sözlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas mahiyyətini əks etdirir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqilliyə nail oldu. İkinci dəfə bu tarixi fürsət 1991-ci ildə gerçəkləşdi. Lakin müstəqilliyin əldə olunması qədər, onu qoruyub inkişaf etdirmək də olduqca çətin və məsuliyyətli bir missiya idi. Bu missiyanı isə yalnız güclü liderlik, siyasi iradə və xalqa sədaqət hissi ilə həyata keçirmək mümkün idi. Məhz Ulu Öndər Heydər Əliyev bu tarixi rolu üzərinə götürərək Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi və gələcək inkişafın əsasını qoydu.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və ideoloji irsinə əsaslanaraq müasir dövlətimizin onun varisi olduğunu təsbit etdi. Lakin kağız üzərində elan olunmuş müstəqillik reallıqda ciddi təhlükələrlə qarşı-qarşıya idi. Daxili siyasi qarşıdurmalar, iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və separatçı meyllər ölkəni parçalanma həddinə gətirib çıxarmışdı.
Belə bir şəraitdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, hüquqi islahatlara start verdi, ordu quruculuğunu gücləndirdi və Azərbaycanın beynəlxalq müstəvidə tanınmasını təmin etdi. Ulu Öndər, dövlətçiliyin yalnız qoruyucusu deyil, həm də gələcəyə aparan yolun memarı oldu. 1993-cü il oktyabr ayının 3-də xalqın dəstəyi ilə Prezident seçilən Ulu Öndər müstəqilliyin formal deyil, real və dayanıqlı mahiyyət qazanması üçün vacib addımlar atdı.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan öz geosiyasi mövqeyindən səmərəli istifadə edərək beynəlxalq enerji və nəqliyyat layihələrinə qoşuldu, regionun lider dövlətlərindən birinə çevrildi. Milli dövlətçiliyin əsas sütunları möhkəmləndirildi, azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətinə çevrildi, milli-mənəvi dəyərlərə və tarixə bağlılıq ön plana çəkildi.
Ulu Öndərin təşəbbüsü ilə atılmış ən rəmzi addımlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında bu bayraq muxtar respublikanın rəsmi simvolu kimi qəbul edildi. Bu, sovet rejiminin hələ mövcud olduğu bir vaxtda verilmiş cəsarətli və tarixi qərar idi. Həmin qərar Azərbaycanın müstəqilliyə aparan yolunun ideoloji əsasını qoydu və milli dirçəlişin rəmzinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağın Zəfər yürüşü
Azərbaycan Respublikasının üçrəngli bayrağının bu gün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması yalnız ərazi bütövlüyümüzün deyil, həm də tarixi ədalətin bərpasının rəmzidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olmaqla yanaşı, Prezident İlham Əliyevin gələcək nəsillərə miras qoyduğu mühüm dövlətçilik əmanətidir. Tarixi irsə sədaqət və dövlətçilik ənənələrinin qorunması müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Bu siyasətin təcəssümü kimi 2007-ci ildə Bakıda İstiqlal Bəyannaməsi abidəsinin açılması, Cümhuriyyətin 90 və 100 illik yubileylərinin qeyd olunması, eləcə də 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi göstərilə bilər. Həmin il təsis olunan “Cümhuriyyətin 100 illiyi” medalı da tarixi yaddaşın yaşadılması baxımından simvolik əhəmiyyət daşıyır. 2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanunla 28 May – Müstəqillik Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü kimi təsbit olunaraq dövlətçilik tariximiz hüquqi sistemdə öz əksini tapdı və Cümhuriyyətin hüquqi varisliyi bir daha rəsmiləşdirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində dövlət müstəqilliyinin qorunması və milli maraqların təmin olunması dayanır. Bu siyasətin kulminasiya nöqtəsi 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Qarabağ Zəfəri oldu. İşğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın yenidən ucaldılması həm hərbi-siyasi uğurun, həm də milli iradənin təntənəsidir.
Bu gün Azərbaycan dünyada suverenliyini qoruyan, ərazi bütövlüyünü təmin edən və müstəqilliyini əbədi edən güclü bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz müstəqilliyi yalnız bərpa etməmişik, onu möhkəmləndirmişik və əbədi etmişik”.
Nigar Orucova, “İki sahil”