29 may 2025 20:06
136

Bu birlik regionumuzda sülh, əməkdaşlıq və təhlükəsizlik üçün çox vacib amildir

“Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla əlaqələrin inkişafı mühüm yer tutur. Ötən dövr ərzində hər üç ölkə arasında münasibətlər davamlı olaraq güclənməkdədir. Laçın şəhərində üç ölkənin liderinin Zirvə görüşünün keçirilməsi isə birliyimizin sarsılmaz olmasının göstəricisidir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin dərin tarixi kökləri var. Ölkələrimiz tarixə və oxşar milli-mənəvi dəyərlərə əsaslanmaqla qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə davamlı şəkildə səy göstərirlər. Hər üç dövlətin qətiyyətli siyasi iradəsi ilə cəmiyyətlərin qarşılıqlı rəğbət hissinin, yaxınlaşmaq istəyinin üst-üstə düşməsi münasibətlərin dinamikasına güclü impuls verir. Burada müasir çağırışlara adekvat olan yeni ənənələrin formalaşmasının önəmini isə ayrıca qeyd etmək lazımdır. O cümlədən, liderlərinin üçtərəfli Zirvə görüşləri səmərəli əməkdaşlıq platforması kimi diqqət çəkir. Mayın 28-də  Laçın şəhərində Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin iştirakı ilə sayca ikinci Zirvə görüşü bunun göstəricisidir. Tədbirdə liderlər üçtərəli əməkdaşlığın hazırkı dinamikasından məmnunluqlarını ifadə etməklə yanaşı, perspektivlə bağlı fikirlərini də diqqətə çatdırıblar. Zirvə görüşündə üç ölkənin liderləri qarşılıqlı əlaqələrin daha gücləndirilməsinin önəmini bəyan edib,  suverenlik və ərazi bütövlüyü prinsiplərinə dəstək ifadə ediblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın vacibliyi də böyük önəm kəsb edir.

Millət vəkilinin sözlərinə görə, üç qardaş ölkə beynəlxalq platformalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki  çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib. Azərbaycan Prezidenti  ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana təşəkkürünü çatdırıb. “Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır” deyən dövlətimizin başçısı vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik”.

Sevinc Fətəliyeva qeyd edib ki, yeni mərhələdə regionda və qlobal miqyasda yaranan reallıqlar qardaş ölkələr arasında üçtərəfli formatda əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bu barədə Laçın Zirvə görüşündə ətraflı bəhs edilib. Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Zirvə görüşündə oxşar baxışları həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də ifadə edib. Pakistan lideri də o fikri bölüşüb ki, bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir.

“Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan birliyi qloballaşan dünyada yeni geosiyasi reallığa çevrilib. Üç ölkənin liderinin Laçında 28 May Müstəqillik Gününə həsr olunmuş bayram tədbirində iştirakı da olduqca qürurvericidir. Liderlərin çıxışları, səsləndirdiyi mesajlar dünya üçün mühüm bir mesajdır. Bu birlik regionumuzda sülh, əməkdaşlıq və təhlükəsizlik üçün çox vacib amildir”,-deyə deputat vurğulayıb.