Laçın şəhəri işğaldan azad edildikdən sonra ilk dəfə beynəlxalq tədbirin məkanı oldu. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə reallaşan Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi tarixə düşdü. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Laçın rayonu coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunur. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm rəmzidir. Ölkəmiz Laçında beynəlxalq liderləri qəbul etməklə həm qələbəsinin legitimliyini nümayiş etdirirdi, həm də bölgədəki yeni status-kvonun dəyişməz olduğunu vurğulayır.
Qardaş və dost ölkələrin liderləri Türkiəni, Azərbaycanı və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında cənab Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələdə İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olması, eyni ilə Pakistanla Hindistanla hərbi toqquşmada ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi idi. Həmçinin ölkəmiz tədbir vasitəsilə beynəlxalq aləmdə diplomatik təsirini gücləndirmək, müttəfiqlərinin dəstəyini nümayiş etdirmək və regiondakı lider mövqeyini möhkəmləndirmək niyyətindədir.
Cənnətməkan Laçında keçirilən üçtərəfli Zirvə təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin gücləndirilməsi mənasını verir. Sözügedən istiqamətdə birgə hərbi təlimlərin, enerji layihələrinin və beynəlxalq forumlarda koordinasiyalı mövqelərin şahidi olacağımız ehtimalı yüksəkdir. Laçın görüşü bir başlanğıc kimi regionda yeni güc mərkəzinin formalaşmasında həlledici addımlardan biri hesab edilə bilər.
Tədbirdə ölkəmizin başçısı Türkiyə və Pakistanın 2020-ci il Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Bu iki dost və qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin təməlini təşkil edir.
Bir sözlə hər iki qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı daha böyük uğurlara yol açacaq mərhələnin əsasını yaratdı. Onların səsləndirdiyi fikirlərbir daha təsdiqlədi ki, bölgədə Azərbaycan, Türkiyə və Pakistan ciddi güc mərkəzidir və istənilən qlobal layihələr bu mərkəzlə razılaşdırılır.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri