Dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim edərkən bu məqamı xüsusi qeyd etdi ki, vətəndaşlarımızın tezliklə öz torpaqlarına qayıtmaları üçün azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir
«İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu.» Dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfəri zamanı rayonun Bəylik kəndinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim edərkən onu da bildirdi ki, artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra, 2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki dediyiniz kimi, “Dəmir yumruq” yerindədir.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan Azərbaycan hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruluculq işləri ilə dünyanın diqqətindədir. Şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa işlərinin öz daxili imkanları hesabına həyata keçirən ölkəmizin iqtisadi imkanları göz önündədir. Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində «Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə» söyləyən dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir.
Ötən il Şuşa, Xocalı və Cəbrayıl şəhərləri sakinlərinə qovuşan ünvanlar sırasına daxil oldu. Şuşa sakinləri ötən ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin andan olmasının 101-ci ildönümündə, xocalılar 28 May-Müstəqillik Günündə, cəbrayıllılar 4 Oktyabr- Cəbrayıl Şəhəri Günündə doğma yurd-yuvalarına qayıtdılar. Onu da qeyd edək ki, bu il 10 may tarixində dövlət başçısı İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirdi ki, Kəngərli kəndi bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Birinci Sarıcalı, indi Kəngərli kəndi. Xıdırlı kəndi də açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq. Yəni, hamınız birlikdə bu bölgəni - Qarabağı quracağıq.
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər etdi. Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin, PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, «Laçın» İstirahət Kompleksinin açılışında iştirak etdi. Laçın kanat yolunun təməlini qoydu. Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi, bura köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi.
Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılış mərasimində qeyd edildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
“Laçın Aqro-Sənaye Parkı”nda başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır. “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.
Laçın rayonunun Bəylik kəndinin açılışında məlumat üçün bildirlidi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış oldu. Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.
Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış oldu. Tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Cənab İlham Əliyev Bəylik kəndinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim edərkən azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs edərək onu da əlavə etdi ki, gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır: «Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.” Dövlət başçısı bu reallığı da diqqətə çatdırdı ki, may ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı. Bu, böyük bir faciə, böyük bir bəla idi. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı.
Həmin dövrün bu reallığına da diqqət yönəldildi ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər. O da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib.
Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Ümumiyyətlə, ilin elə bir ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Bu səfərlər Böyük Qayıdış Proqramının uğurlu icrasına xidmət edir. Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir.
Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı.
Artıq beş ildir Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri olan addımlar atılacaq. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdir: «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.»
Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. Nəzərə alaq ki, tarixi Zəfərimizdən sonra ilk olaraq sakinlərinə qovuşan «ağıllı kənd» layihəsinin ilk iştirakçısı Ağalı kəndi oldu. Bu nöqteyi-nəzərdən işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən də start veriləcək. Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi yerli əhalinin məşğulluq səviyyəsini artıracaq. Bu, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalını artıraraq, yerli iqtisadiyyatı canlandıracaq. Əkinçilik fəaliyyəti torpaqların daha məhsuldar istifadəsini təmin etməklə, əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artırılmasına səbəb olur. Əkin məqsədli torpaqların istifadəyə verilməsi qida təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətlidir. Yaxşı idarə olunan kənd təsərrüfatı fəaliyyətləri yerli qida istehsalını artırır və xaricdən asılılığı azaldır. Bu, ölkə daxilində istehsal olunan qida məhsullarının təklifini artıraraq, daha keyfiyyətli və əlverişli qiymətlərlə yerli əhaliyə təqdim edilməsini təmin edir.
Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın sosial müdafiəsini gücləndirmək mümkündür, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələrin veriləcəyi qaçılmazdır. Tarixi Zəfərimizdən dərhal sonra iqtisadi rayonların bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin imkanlarından səmərəli istifadə etməkdir. Artıq neçə illərdir dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi də bu ixisaslaşmış ərazilərimiz sırasında qeyd edə bilərik. 30 ilik işğal dövrdündə Ermənistan bu torpaqlarımızın mövcud imkanlarından bəhrələnərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışmışdı.
Dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Qısa müddətdə bu torpaqlara qayıdışı reallışdırmaq böyük iqtisadi gücün, xalqımızın yenilməzliyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs edərkən böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
«Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir.
Son beş ildə diqqət çəkən mühüm məqamlardan biri də dövlət başçısı İlham Əliyevin bayram günlərində azad edilmiş ərazilərimizə səfər etməsi, bu məkanlardan xalqa təbriklərini çatdırmasıdır. Cənab İlham Əliyevin hər bir çıxışı gələcəklə bağlı hədəflərin açıqlanması, dünyaya mühüm çağırışlardır. Dövlət başçısı Laçın şəhərində sakinlərlə görüşündə bu məqam xüsusi qeyd edildi ki, Prezidentlə üçüncü dəfədir görüşürlər. Sakinlərin bu görüşlərdən keçirdikləri xoşbəxtlik hissi onların nəinki simalarında, səsləndirdikləri fikirlərdə özünün aydın ifadəsini tapdı. 30 ildən sonra doğma yurd-yuvalarına qayıdışın sevincini sözlə belə ifadə etmək mümkün deyil. Sakinlər bu torpaqlara qayıdaraq böyük bərpa-quruculuq işlərini, onlara yaşayışları üçün çox gözəl şəraitin yaradıldığını görür və bundan böyük qürur hissi keçirirlər. Dövlət başçısı İlham Əliyev ilə söhbət zamanı sakinlərin doğma yurd-yuvaları ilə bağlı səsləndirdikləri «Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu» fikirlər onların 30 ilik torpaq həsrətinə işıq salır. Bu gün soydaşlarımız qayıdışın sevincini yaşamaqla yanaşı, bu günü onlara yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlıqlarını ifadə edirlər.
Dövlət başçısı İlham Əliyevin Laçına səfərini bu gün diqqətdə saxlayan mühüm məqamlardan biri məhz 28 May-Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi olacaq. Bu mərasimdə iştirak etmək üçün artıq Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdədir. Ali qonaq Laçın Beynəlxalq Hava limanında qarşılandı. Mayın 28-də isə bizə dost, qardaş, müttəfiq ölkə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfər edəcək. 28 mayda böyük tarixi gün yaşanacaq. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı gündən beynəlxalq aləmin diqqətində olan bu birlik, həmrəylik bir daha Laçından bütün dünyaya nümayiş etdiriləcək. Bu mühüm hadisə ölkələr arasında əlaqələrin inkişafında liderlərin dostluq, qardaşlıq münasibətlərinin böyük rol oynamasına bir daha işıq salır. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol Azərbaycan-Türkiyə münasibətlərinin aydın mənzərəsini təqdim edir. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Azərbaycan və Pakistan arasındakı münasibətlər də yalnız diplomatik əlaqələrdən ibarət deyil. Bu iki ölkə arasında çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından bir-birinə nə qədər möhkəm bağlandığını nümayiş etdirdi. Prezident İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.
28 May-Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan dostluğunun, qardaşlığının növbəti səhifəsi yazılacaq. Bu tarixdə Azərbaycanda sayca 9-cu hava limanı-Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilməklə bir daha bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləyəcək. Ermənilərin 30 ildə dağıtdıqları torpaqlarımız bu gün müasir tələblər səviyyəsində qurulur, beynəlxalq səviyyəli hava limanlarının tikilib istifadəyə verilməsi ilə diqqətdədir. Bütün işlərin ardıcıllıqla və zamanında görülməsi Böyük Qayıdışı daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə veriləcəyini bildirirdi. Artıq o gün gəldi. Laçın Beynəlxalq Hava Limanı qonaqlarını qarşılayır. Bu gün hər bir azərbaycanlı xoşbəxtdir ki, artıq təkcə paytaxt Bakımız deyil, azad edilmiş ərazilərimiz də dost, qardaş ölkələrin liderlərini bir araya gətirir, münasibətlərin gələcək yol xəritəsi bu məkanlardan təqdim olunur.
Yeganə Əliyeva, «İki sahil»