Tarixin yaddaşında elə günlər vardır ki, onlar bir xalqın taleyində dönüş nöqtəsi, milli özünüdərk prosesində silinməz iz, gələcək nəsillərə yol göstərən ideoloji mayaka çevrilir. Azərbaycan xalqı üçün belə günlərdən biri də 28 May tarixidir — Müstəqillik Günü. Bu gün yalnız bir təqvim hadisəsi deyil; bu, milli qürurun, azadlıq uğrunda apardığımız çoxəsrlik mübarizənin və dövlətçilik iradəmizin ən ali təcəssümüdür.
1918-ci il mayın 28-də Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seymindən ayrılaraq, Azərbaycan Milli Şurası tərəfindən “İstiqlal Bəyannaməsi”nin imzalanması ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı elan olundu. Bu sənəd təkcə Azərbaycanın müstəqilliyə qovuşma arzusunun hüquqi təsdiqi deyil, eyni zamanda müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublika modelinin yaradılması baxımından dünya siyasi tarixində də mühüm mərhələ idi.
Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrünə əbədi dəyərlər sığdırmağı bacaran bir möcüzə idi. Bu Cümhuriyyət qaranlıq bir əsrdə millətinin tale kitabına ilk azadlıq səhifəsini yazdı. Tarixin sərt axarına qarşı durdu zamanın zülmətinə bir işıq kimi doğdu. Bu doğum təkcə bir siyasi hadisə deyil bir xalqın dirçəlişi bir kimliyin oyanışı idi
O günlərdə qadınlara səs verildi Şərqdə ilk dəfə. Azərbaycan qadınına seçmək və seçilmək haqqı tanındı. Bu sadəcə bir hüquq deyil qadının şəxsiyyətinə verilən dəyərin təcəssümü idi. O andan etibarən qadınlar cəmiyyətin yalnız müşahidəçisi yox həm də qurucusu oldular.
Milli Məclis quruldu bu yalnız qanunların yazıldığı yer deyildi bu milli iradənin vicdanın və fikir azadlığının səması idi. Çoxpartiyalı sistemin yaradılması ilə xalqın müxtəlif baxışları düşüncələri eyni dam altında bir Vətən sevgisində birləşdi. Hər fikir bir rəng idi bu rənglər Azərbaycanın istiqlal tablosunu boyayırdı.
Milli ordu formalaşdı torpağın müdafiəsi üçün qurulan bu ordu sadəcə hərbi birlik deyildi bu millətin iradəsi ruhu qeyrəti idi. Hər bir əsgər bir arzunun keşikçisi hər bir süngü bir haqqın müdafiəçisi oldu. O ordu xalqın öz azadlığını qorumaq əzmindən doğdu.
Maarif və təhsil sahəsində başlayan islahatlar isə cəhalətə qarşı açılmış cəbhə idi. Məktəblər salındı yeni müəllimlər yetişdirildi ana dilində dərslər tədris olunmağa başlandı. Bu yalnız elmə deyil milli ruhun təzələnməsinə yönəlmiş bir inqilab idi. Hər kitab bir yol hər müəllim bir işıq hər şagird sabaha ümid idi.
Və nəhayət dünya səhnəsinə çıxış Paris Sülh Konfransında dalğalanan üçrəngli bayrağımız tarix boyu susdurulmuş bir millətin haqq səsi oldu. Azərbaycan orada sadəcə bir dövlət kimi yox ədalət istəyən bir xalq kimi tanındı. Bu beynəlxalq tanınma Cümhuriyyətin təkcə bölgə üçün deyil bütün Şərq üçün nümunə bir modelə çevrildiyini göstərdi.
Lakin 1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində AXC-nin fəaliyyəti dayandırıldı və ölkə sovet hakimiyyətinin tərkibinə daxil edildi. Bu hadisə Azərbaycan xalqı üçün siyasi baxımdan faciəli sonluq olsa da, 28 May tarixinin simvolik mahiyyətini heç vaxt zəiflədə bilmədi. Əksinə, bu tarix xalqın yaddaşında milli istiqlalın, müstəqillik arzularının ideoloji rəmzinə çevrildi və Sovet dövrü boyunca qəlblərdə yaşamağa davam etdi.
Sovet hakimiyyəti illərində isə milli ideyanın ifadəsi, azadlıq düşüncəsi sistemli şəkildə basdırılmağa çalışılsa da, xalqın qəlbində bu ruh heç zaman sönmədi. 1980-ci illərin sonlarına doğru SSRİ-nin zəifləməsi ilə paralel olaraq, Azərbaycanın müxtəlif bölgələrində baş qaldıran milli hərəkatlar, ictimai fəallığın artması və azadlıq tələbləri 28 May ideyasının yenidən dirçəlişini sürətləndirdi. Bu dövr, müstəqilliyə aparan yolda tarixi yaddaşın yenidən oyadılması, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin bərpası və milli şüurun güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində yalnız bir dövlətin qurulduğu gün deyil həm də milli iradənin dərin qatlarından boy verən azadlıq idealının əbədi təntənəsi kimi yaşayır. Bu gün özündə yalnız keçmişin deyil gələcəyin də mayasını daşıyan mənəvi bir dirəniş fəlsəfəsidir. Müstəqillik Günü müasir Azərbaycanın dövlətçilik düşüncəsinin kökündə duran əsas mənəvi sütunlardan birinə çevrilmişdir.
Milli azadlıq və dirçəliş yolunda keçilən tarixi mərhələlərdə Naxçıvan həm strateji mövqeyi, həm də milli ruhun sarsılmaz qalası kimi seçildi. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik fonunda bu qədim diyar yalnız coğrafi məkan deyil, ideoloji və siyasi mübarizənin ön cəbhəsinə çevrildi. Burada sovet simvollarının endirilməsi, milli şüurun ilk alovu kimi xalqın ruhunda dərin əks-səda doğurdu. Naxçıvan milli azadlıq və dirçəlişin sarsılmaz qalası, ruhların alovlandığı ön cəbhə oldu.
Bu dirçəlişin ilhamı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və milli ruhla dolu müdrikliyi ilə mümkün oldu. Onun liderliyi ilə Naxçıvan azadlıq və dövlətçilik yolunun mayakına çevrildi, xalqın ürəyində ümid və inam doğurdu. Heydər Əliyev hər addımında xalqın səsini, millətin qəlbini əks etdirərək Azərbaycanın gələcəyini quran böyük şəxsiyyət oldu.
Hələ Sovet imperiyasının dağılmadığı, amma artıq çökməkdə olduğu bir dönəmdə, Heydər Əliyev qorxuya, təzyiqə və siyasi basqıya rəğmən milli maraqlardan geri çəkilmədi. O, öz iradəsi ilə xalqın iradəsini birləşdirərək tarixə yeni istiqamət verdi. Bu cəsarətli addımlar göstərdi ki, xalqın taleyini əllərində tutan lider təkcə idarəçi deyil, həm də yol göstərən bir mənəvi rəhbər olmalıdır. O, təkcə dövlətin başında duran şəxs yox, millətin ruhunu ifadə edən, onu ayağa qaldıran əbədi sima idi.
Azərbaycan XX əsrin sonlarına yaxın bir daha müstəqilliyini elan etdi. 1991-ci il millətin illərlə arzuladığı, ürəyində yaşatdığı azadlıq arzusunun gerçəyə çevrildiyi il oldu. Bu, təkcə siyasi akt yox, həm də tarixi ədalətin gecikmiş bərpası idi. Lakin bu dəfə əldə edilən müstəqillik zərif idi, sınaqlarla dolu idi. Həm daxildən, həm xaricdən əsən soyuq küləklər gənc dövlətin təməlini sarsıdırdı.
Ölkə zəif idarəetmə strukturları ilə, qeyri-sabit siyasi mənzərə ilə, bölgələrdə artan separatizm meyilləri ilə, ən əsası isə Ermənistanın başladığı müharibə ilə üzləşdi. Qarabağda baş verən hərbi böhran, torpaqların işğalı, yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşməsi, ölkəni böyük humanitar fəlakətin pəncəsinə atdı. Dövlət institutları tədricən iş qabiliyyətini itirir, idarəetmə sistemində xaos hökm sürürdü.
Bu mənzərə fonunda xalq ümidini yalnız bir nəfərə bağladı. O ümidin adı Heydər Əliyev idi. Onun yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı uçurumun kənarından geri çevirdi. Qaranlıq yolların başında işıq yandırdı, tənəzzülə uğrayan ümidlərə can verdi. Azərbaycanın tarixində yeni bir mərhələ başlandı – sabitlik, inkişaf və əbədi müstəqillik mərhələsi.
Bu illər Azərbaycanın müstəqillik tarixi üçün həm ağır, həm də taleyüklü bir sınaq mərhələsi oldu. Siyasi anarxiyanın hökm sürdüyü, rəhbərlərin tez-tez dəyişdiyi, xalqla dövlət arasında inam tellərinin qırıldığı bir dövr yaşanırdı. 1991-1993-cü illər arasında sükanı əllərində saxlayanlar milli maraqları qoruya bilmədi, sabitlik arzusuna çevrilmiş xalq isə gündən-günə ümidsizliyə qərq olurdu. Dövlətçiliyin təməli sarsılır, Azərbaycanın müstəqil gələcəyi sual altına düşürdü.
Ölkəni içdən qoparmağa çalışan qüvvələrin meydan suladığı bu ağır dönəmdə xalq ümidini bir daha tarixin sınağından alnıaçıq çıxmış bir şəxsiyyətə bağladı. 1993-cü ilin yayında, minlərlə insanın ürəyində eyni çağırış vardı – Heydər Əliyev qayıtmalıdır. Bu qayıdış sadəcə bir liderin yenidən səhnəyə çıxması deyildi. Bu, bir millətin yenidən nəfəs almaq istəyinin, tarixə öz imzasını atmaq əzminin hayqırtısı idi.
15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarix müasir Azərbaycan dövlətçiliyinin qurtuluş anı kimi yadda qaldı. Artıq yalnız bir siyasətçinin yox, millətin öz liderini tapdığı, xalqın iradəsinin dövlətin taleyini dəyişdirdiyi gün idi. Dövlət parçalanmaqdan xilas oldu, ictimai-siyasi sabitliyin əsası qoyuldu, müstəqilliyin dayanıqlı təməlləri atıldı. Məhz buna görə də həmin gün sonradan “Milli Qurtuluş Günü” adlandırıldı və xalqın yaddaşında əbədi yaşamaq hüququ qazandı.
Azərbaycan o illərdə parçalanmaq ərəfəsindəydi. Daxildə hökm sürən silahlı qarşıdurmalar, hakimiyyət böhranı, iqtisadi çöküş və işğal olunmuş torpaqlardan gələn qara xəbərlər vətənin varlığına kölgə salırdı. Dövlət institutları fəaliyyətini itirmişdi, rəhbərlikdə isə qeyri-müəyyənlik hökm sürürdü. Xalq öz gələcəyini dumanlı sabahlarda görür, bir çıxış yolu axtarırdı.
Heydər Əliyevin qayıdışı bu ümidsizliyə bir cavab, dağılmaqda olan bir dövlətə verilmiş həyati nəfəs idi. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycan öz yolunu tapdı, millət öz gücünə və sabahına inandı, tarix isə yeni bir səhifə açdı – əminliklə yazılmış, sabitliklə bəzənmiş, müstəqilliklə möhürlənmiş bir səhifə.
Heydər Əliyev Ali Sovetə rəhbərlik etməyə başladığı andan etibarən ölkəni sarsıdan anarxiya və başıpozuqluğa qarşı sərt və qətiyyətli addımlar atdı. Onun üçün birinci və ən vacib məsələ daxili sabitliyin bərqərar olunması idi. Silahlı dəstələrin tərksilah edilməsi, dövlət qurumlarının yenidən dirçəldilməsi və idarəetmədə vahidliyin yaradılması bu məqsədə doğru atılmış ilk addımlar oldu. O, nizamı pozan xaosun qarşısını almaqla xalqın səsini dinləyən, qoruyan və gələcəyə aparan lider obrazını möhkəmləndirdi.
Cəbhə bölgəsində davam edən qanlı müharibəyə son qoymaq, vəziyyəti nəzarət altına almaq üçün güclü və çevik ordu quruculuğuna start verildi. Hər bir qərarında həm xalqın marağı, həm də dövlətin gələcəyi dayanırdı. Bununla yanaşı, ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yerini tutması üçün balanslaşdırılmış və uzaqgörən xarici siyasət həyata keçirildi. Xarici dövlətlərlə etimad və əməkdaşlıq üzərində qurulan münasibətlər Azərbaycanın səsinin dünya miqyasında eşidilməsinə imkan yaratdı.
Siyasi sabitliyin təmin olunması ilə yanaşı, ölkədə iqtisadi sahədə də ciddi islahatlara start verildi. Sahibkarlığın təşviqi, mülkiyyət münasibətlərinin tənzimlənməsi, hüquqi bazanın yaradılması iqtisadi canlanmanın əsasını təşkil etdi. Bu tədbirlər illərlə çöküşə məruz qalmış iqtisadi sistemin bərpasına, xalqın rifahının tədricən yaxşılaşmasına yol açdı. Azərbaycan artıq yalnız ayaqda qalmağa çalışan bir ölkə deyil, sabaha ümidlə baxan bir dövlət kimi formalaşmağa başladı.
Heydər Əliyevin prezident seçilməsi ilə dövlət idarəçiliyində yeni bir dövr başlandı. 1993-cü ilin oktyabrında xalqın iradəsi ilə Prezident kürsüsünə oturması təkcə siyasi liderliyin deyil, həm də milli güvənin və ümumi birliyin təcəssümünə çevrildi. Dövlət institutlarının fəaliyyəti bərpa olundu, idarəetmədə möhkəm nizam yarandı.
Bu dövr yalnız siyasi sabitliyin deyil, həm də hüquqi, iqtisadi və ideoloji əsasların yenidən qurulmasının mərhələsi idi. 1995-ci ildə qəbul olunan ilk Konstitusiya dövlətçiliyin hüquqi təməllərini möhkəmləndirdi, Milli Məclisin formalaşması isə xalqın səsinə hüquqi platforma qazandırdı. Dövlət idarəçiliyi müasir prinsiplərə uyğun yenidən quruldu.
Eyni zamanda, vahid və çevik hərbi komandanlıqla gücləndirilmiş Silahlı Qüvvələrin təşkili Azərbaycanın müdafiə qüdrətini xeyli artırdı. Artıq Azərbaycan təkcə siyasi sabitliklə deyil, həm də güclü müdafiə və aydın gələcək strategiyası ilə seçilirdi. Ulu Öndərin uzaqgörənliyi nəticəsində Azərbaycan qısa müddətdə uçurumun kənarından dönərək sabitliyin, tərəqqinin və beynəlxalq nüfuzun ünvanına çevrildi. O illərdən etibarən ölkə artıq təkcə yaşamaq üçün deyil, inkişaf etmək üçün mövcud olan bir dövlətə çevrildi
2003-cü ildə xalqın iradəsi ilə Prezident seçilən İlham Əliyev, müasir Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. O, yalnız atasının siyasi kursunu davam etdirmədi, bu yolu zamanın sınaqlarından keçirərək çağdaş dünyanın reallıqları ilə uzlaşdırdı. Onun rəhbərliyi ilə Azərbaycan XXI əsrə güclü addımlarla daxil oldu, dövlətçiliyin təməlləri möhkəmləndi, sabitlik və inkişaf dövrü başladı.
Yeni liderin baxışında sabitlik sadəcə sakitlik deyil, quruculuğun və tərəqqinin başlanğıcı idi. Prezident İlham Əliyevin apardığı strateji islahatlar nəticəsində Azərbaycan regionun iqtisadi mərkəzinə çevrildi. Neft və qaz sahəsində həyata keçirilən iri transmilli layihələr – Cənub Qaz Dəhlizi, TANAP və TAP ölkənin dünya enerji xəritəsində əsas oyunçulardan birinə çevrilməsinə zəmin yaratdı. Bu layihələr Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, onun siyasi çəkisini də beynəlxalq aləmdə daha da yüksəltdi.
Bununla paralel olaraq, ölkənin tranzit imkanları genişləndirildi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə Azərbaycan mühüm nəqliyyat və logistika mərkəzi statusunu qazandı. Bu xəritədə Zəngəzur dəhlizi isə yalnız bir yol deyil, regional əməkdaşlığın, sabitliyin və qarşılıqlı asılılığın simvoluna çevrilməkdədir. İlham Əliyev təkcə yollar salmadı, həm də qitələri, iqtisadiyyatları, mədəniyyətləri birləşdirən bir siyasət qurdu.
Ulu Öndər Heydər Əliyev Qarabağ problemini yalnız torpaq məsələsi deyil, milli ruhun, vətən sevgisinin və gələcək nəsillərin təhlükəsizliyinin simvolu kimi qiymətləndirirdi. Bu məsələyə yanaşması yalnız diplomatik taktika deyil, strateji uzaqgörənliyin və tarixi məsuliyyətin ifadəsi idi. Onun bu tarixi yükü və ideya mirasını İlham Əliyevə etibar etməsi bir ailə bağının yox, siyasi varisliyin, milli əmanətin gələcəyə ötürülməsi idi.
Bu miras İlham Əliyevin rəhbərliyi dövründə yalnız qorunmadı, həm də tarixi ədalətin bərpası ilə gerçəkləşdi. Və beləliklə, bir zamanlar xəyallarda yaşayan zəfər ideyası, qətiyyətli iradə və güclü dövlət rəhbərliyi ilə reallığa çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, müasir çağırışlara uyğunlaşdırılmış strateji uzaqgörənliyin təcəssümüdür. Bu liderlik, sadəcə bir siyasi kursun davamı deyil, dövlətçilik fəlsəfəsinin zamanın sınaqlarından keçmiş yeni mərhələsidir. İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ən parlaq zirvəsi isə şübhəsiz ki, 2020-ci ildə baş vermiş və tarixə 44 günlük Vətən müharibəsi kimi düşmüş möhtəşəm zəfərlə bağlıdır. Bu qələbə təkcə bir müharibənin nəticəsi deyil, illərlə qurulan güclü dövlətin, möhkəm iqtisadiyyatın və sarsılmaz xalq–dövlət birliyinin parlaq nəticəsidir.
Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Ermənistanın təxribatlarına cavab olaraq başladığı bu müharibədə öz torpaqlarını azad etdi. Qarabağ və Şərqi Zəngəzur üzərində otuz ilə yaxın davam etmiş işğala son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Bu zəfər təkcə silahla qazanılmış bir uğur deyil, həm də xalqın iradəsi, milli ruhun qalibiyyəti və dövlətçilik ideyasının təntənəsi idi. Bu eyni zamanda Heydər Əliyevin siyasi irsinin və Qarabağla bağlı vəsiyyətinin də yerinə yetirilməsi idi.
Zəfərlə başa çatan müharibədən sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə yeni bir mərhələyə – quruculuq və yenidən dirçəliş dövrünə qədəm qoydu. İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa işlərinə start verildi. “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönüşü təmin olunmağa başlandı. Azərbaycanın bu yeni mərhələdə ortaya qoyduğu nümunə, təkcə regional deyil, həm də qlobal səviyyədə güclü, müstəqil və perspektivli dövlət obrazını möhkəmləndirdi.
Tarixə və dövlətçilik ənənələrinə verilən dəyər isə bu siyasi yolun ruhunu daha da dərinləşdirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 28 May tarixi rəsmi olaraq “Müstəqillik Günü” kimi qəbul olundu. Bu qərar yalnız təqvimdə bir ad dəyişikliyi deyildi. Bu, milli yaddaşa hörmət, xalqın tarixi kimliyinə verilən dəyər və dövlətçilik ideologiyasına olan bağlılığın ifadəsi idi. Bu addım eyni zamanda müasir Azərbaycanın ideoloji dayaqlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin gücləndirilməsinə xidmət etdi.
Tarixşünaslıq baxımından bu mühüm qərar, 1918-ci il 28 Mayda Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin yalnız hüquqi mahiyyətini deyil, onun mənəvi-siyasi yükünü də yenidən gündəmə gətirdi. Bu sənədin çağdaş dövrdə yenidən yüksək səviyyədə dəyərləndirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tariximizdə tutduğu fundamental rolu və bu hadisənin xalqımızın taleyindəki dönüş nöqtəsini müasir dövlətçilik konsepsiyası ilə üzvi şəkildə birləşdirdi. Prezident İlham Əliyevin 28 Mayı “Müstəqillik Günü” kimi təsbit etməsi, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ideya varisliyinə verilən siyasi və mənəvi dəyərin ifadəsi olaraq tarixə düşdü.
Bu tarixin dövlət bayramı kimi təsis olunması, onun hər il yüksək səviyyədə qeyd olunmasına zəmin yaratdı. Artıq bu gün təkcə keçmişin anılması deyil, həm də xalqın milli birliyinin, dövlətinə olan sədaqətinin və gələcəyə olan inamının ifadəsi kimi yaşanır. Hər il keçirilən tədbirlər çərçivəsində şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad edilir, dövlətin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlar unudulmur. Xidmətləri ilə seçilən hərbçilər, dövlət qulluqçuları və ictimai xadimlər yüksək dövlət təltiflərinə layiq görülür. Bütün bunlar dövlətin öz vətəndaşına verdiyi yüksək dəyərin təcəssümüdür.
Bu gün, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tariximizə bağlılığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Orta və ali məktəblərdə “Müstəqillik Günü”nə həsr olunmuş açıq dərslər, elmi-praktik konfranslar və bədii tədbirlər keçirilir. Bu fəaliyyətlər, gənclərin keçmişə və gələcəyə baxışını formalaşdırmaqla yanaşı, onların milli kimlik və dövlətçilik ruhunda yetişməsinə də töhfə verir. Dövlət tərəfindən həyata keçirilən milli ideologiya siyasəti çərçivəsində bu bayram vasitəsilə müstəqillik düşüncəsi, ictimai həmrəylik və dövlətə bağlılıq prinsipləri cəmiyyətin bütün təbəqələrinə aşılanır.
“Müstəqillik Günü” həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsində mühüm rol oynayır. Xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarımızda keçirilən tədbirlər vasitəsilə Azərbaycanın dövlətçilik tarixi, müstəqillik əzmi və siyasi iradəsi dünya ictimaiyyətinə çatdırılır. Bu gün, təkcə bir bayram olaraq yox, həm də milli ruhun, siyasi iradənin və strateji yaddaşın canlı təcəssümüdür.
28 May tarixi Azərbaycan xalqının siyasi iradəsinin, milli özünüdərkinin və azad yaşamaq əzminin simvolu kimi yaşayır və yaşayacaq. Bu gün həm 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin şanlı mirası ilə, həm də çağdaş Azərbaycanın inkişafında strateji mərhələ kimi öz yerini qoruyur. Beləliklə, 28 May təkcə keçmişin xatirəsi deyil, həm də müasir və gələcək Azərbaycan dövlətinin ideoloji və siyasi təməl daşı kimi dəyərləndirilir.
Azərbaycanın müstəqilliyi xalqımızın mənəvi bütövlüyünün, tarixə hörmətinin və gələcəyə inamının parlaq təzahürüdür. 28 May isə bu müstəqilliyin ruhu, dayağı və milli kimliyimizin mənəvi mayasıdır. Hər bir vətəndaş üçün bu gün sadəcə rəsmi bayram deyil, eyni zamanda milli qürurun, vətəndaşlıq məsuliyyətinin və dövlətə sədaqətin ifadə olunduğu əbədi and yeridir. Bu günün qorunması və yaşadılması – milli varlığımızın əbədiliyinin təminatıdır.
Beləliklə, “Müstəqillik Günü” təkcə daxili siyasi və ideoloji məna daşımır, həm də Azərbaycanın xarici siyasət müstəvisində milli imicinin formalaşması və möhkəmlənməsi yolunda mühüm bir tribuna rolunu oynayır.
Azər ALLAHVERƏNOV,
Milli Məcliin deputatı