30 may 2025 00:43
164

Hindistan Ermənistanı keyfiyyətsiz silah poliqonuna çevirir

Hindistan iyul ayında Ermənistana "Akaş" zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək

Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub. Ötən ilin noyabr ayında ilk sistemlər İrəvana göndərilib.

Göründüyü kimi, Cənubi Qafqazın autsayderi durumunda olan Ermənistan və onun xaotik, qeyri-ardıcıl xarici siyasət xətti yürüdən hakimiyyəti Hindistanı öz əsas hərbi tərəfdaşlarından biri seçib. Təsadüfi deyil ki, son illər Ermənistan silah bazarında ənənəvi tərəfdaşı Rusiyadan deyil, məhz Hindistandan silah alır. Lakin burda bir önəmli məqam var. Hazırda Hindistan dünya silah bazarında satıcı yox, daha çox alıcı qismində tanınır. Hətta xaricdən silah alışına görə dünya birincisidir. Bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bir neçə gün öncə dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatında əksini tapıb. Hesabata görə, Hindistan dünyanın ən çox silah idxalçısı olub. Bu ölkənin silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb, son 20 ildə ölkə silah alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib. Ölkənin müdafiə naziri Racnatx Sinqx isə yaxın 10 ildə ölkənin silah və silah-sursat alışına 100 milyard dollara qədər vəsait xərcləməyi planlaşdırdıqlarını deyib. Yəni, Ermənistana silah satan Hindistan özü başqa ölkələrdən silah alır və raketlər, təyyarələr, döyüş gəmiləri istehsal etmək üçün tələb olunan kritik texnologiyalara sahib deyil. Əksinə, silah alarkən onların hazırlandığı texnologiyaları da əldə etməyə çalışır. Məsələn, 2023-cü ildə ABŞ “General Electric” şirkətinin Hindistanda bu ölkənin döyüş təyyarələri üçün mühərriklər istehsal etməsi ilə bağlı razılaşma əldə edilib.

Bundan əlavə, Hindistan özünün ən yeni təyyarədaşıyan gəmisi üçün Fransadan qırıcı təyyarələr almağı düşünür. Həmçinin fransız, alman və ya ispan texnologiyasından istifadə edərək sualtı qayıqlar və ABŞ-la Fransa istehsalı olan mühərriklə işləyən döyüş təyyarələri istehsal etmək istəyir. Daha bir maraqlı məqam Hindistanın Rusiya silahının ən böyük alıcı olması faktıdır. Belə ki, Hindistan ordusunun silah arsenalının 65 faizi Rusiyadan alınmış silahlardır. Hindistan hərbi sənayesinin uğuru kimi təqdim edilən “BrahMos” raketləri həm də Rusiyanın hərbi-texniki əməkdaşlıq çərçivəsində ötürdüyü texnologiyalar əsasında hazırlanıb. Ermənistanın da almağa maraq göstərdiyi “BrahMos” raketləri Rusiyanın “Oniks” raketləri əsasında hazırlanıb, yaxud İrəvanın Hindistandan aldığı “Pinaka” reaktiv yaylım atəş sistemləri Rusiyanın “Smerch” sisteminin texnologiyası əsasında istehsal olunur. Hindistandan alınan “Konkurs” tank əleyhinə raketləri də Rusiyanın verdiyi patent əsasında hazırlanıb. Bir sözlə, bu ölkədə istehsal olunan silahların keyfiyyəti müasir dünya standartlarına cavab vermir. Raketlər və ya helikopterlər etibarlılıq və innovasiya baxımından sadəcə olaraq aşağı səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, Hindistan silahları, o cümlədən raket sistemləri və artilleriya qurğuları Azərbaycanın son müharibə zamanı fəal şəkildə istifadə etdiyi İsrail, Türkiyə və ya Rusiya modellərindən fərqli olaraq real döyüşlərdə özünü doğrultmayıb. Beləliklə, Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti - "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" haubitsaları, “MArG 155” özüyeriyən haubitsalarının “keyfiyyəti” göz önündədir. Bu gün Hindistan Ermənistanı özünün yararsız silah və texnikalarının sınaqdan keçiriləcəyi poliqon gözündə görür.

Maraqlıdır ki, Ermənistanın silahlanması bu ölkənin rəhbərlərinin sülh müqaviləsi ilə bağlı açıqlamaları fonunda baş verir. Xüsusilə, Ermənistanın baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri müntəzəm olaraq Ermənistanla –Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirməyi təklif edirlər. Paşinyan belə bir fikir bildirib: “Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. “Lehinə” və ya “əleyhinə” arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu, mənim siyasi mövqeyimdir”. Paşinyan, həmçinin deyib: “Müharibə olmayacaq, sülh olacaq. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir”. O, Azərbaycanla yeni gərginlik və ya müharibənin başlanması üçün hər hansı əsas görmədiyini vurğulayıb. Yenə də bunlar, sadəcə olaraq, “gəlişigözəl” sözlərdir. O, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı imzaladıqdan sonra da Qarabağ separatçılarını maliyyələşdirib. Onların silahlandırılmasında önəmli rol oynayıb. Doğrudur, Paşinyan və komandası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin revanşistlər hələ də bunun əksinə fəaliyyət göstərirlər. Ölkənin hüquq-mühafizə orqanları, məhkəmə sistemi Azərbaycanla münasibəti pozanlar, iğtişaş yaratmağa səy edənlər barəsində indiyədək heç bir hüquqi addım atmayıb.

Ermənistan həm də Azərbaycanla şərti sərhəddə intensiv şəkildə fortifikasiya qurğuları tikir, mühəndis-istehkam işləri aparır. Hayların məqsədi daha güclü müdafiə sistemi qurmaq və gələcəkdə aparacaqları müharibə üçün zəmin yaratmaqdır. Hindistandan alınan silahların Azərbaycanla şərti sərhəd yaxınlığında yerləşdirildiyi barədə də məlumatlar var. Bu, çox narahatedici siqnaldır. Ona görə də iki ölkə arasında hərbi toqquşma riski yüksək olaraq qalır.

Sevinc Azadi, “İki sahil”