Azərbaycan və Macarıstan arasındakı münasibət zamanın sınaqlarından keçən, coğrafi məsafələri dəyərlər yaxınlığı ilə qısaladan, dərin hörmət və ortaq maraqlar üzərində ucalan tərfdaşlıq, dostluqdur. Bəlkə də coğrafi məsafə, birbaşa sərhədlərin olmaması bəzilərini təəccübləndirə bilər. Lakin əslində bu dostluğun kökləri çox dərindədir. Hər iki ölkənin qədim və zəngin tarixi, müstəqilliyə olan sarsılmaz bağlılığı, milli kimliyə vurğunluğu onları bir-birinə yaxınlaşdıran başlıca amillərdəndir.
Bu dövlətlər uzun illərdir, əlaqələr qurur, ölkə rəhbərləri və yüksək vəzifəli şəxsləri arasında mütəmadi görüşlər və qarşılıqlı səfərlər həyata keçirilir. Bu, davamlı etimada əsaslanan sıx bir əlaqənin göstəricisidir. Ölkələr arasında sadəcə qısamüddətli əlaqələr deyil, uzunmüddətli, qarşılıqlı maraqlara əsaslanan bir əməkdaşlıq vardır. Bu əməkdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə əsaslı şərait yaradır.
Macarıstanla münasibətlərin əhəmiyyəti gün keçdikcə daha aydın təsəvvür formalaşdırır.Macarıstanın Avropa İttifaqının üzvü olması Azərbaycan üçün Avropa ilə münasibətlərin möhkəmləndirilməsi,Qərblə siyasi və iqtisadi dialoqunun gücləndirilməsi üçün şərait yaradır.Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və innovasiya sahələrində Macarıstanın təcrübəsindən faydalanmaq Azərbaycanın qeyri-neft sektorunun inkişafına kömək edə bilər.
Bundan başqa bu əlaqələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirir. Macarıstanla iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların cəlb edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına zəmin yaradır.
Macarıstanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələr üçün yaradılmış imkanlar, təqaüd proqramları insan kapitalının inkişafını, peşəkar kadrların hazırlanması və gələcək inkişaf üçün vacib olan bilik mübadiləsini təmin edir.
Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən Macarıstan müharibədən sonrakı dövrdə ərazilərin bərpasında iştirak etməyə hazır olduğunu ifadə etmişdir. Prezident İlham Əliyev öz növbəsində Macarıstan şirkətlərini Qarabağın bərpa prosesində yaxından iştirak etməyə dəvət etmişdir. Artıq Macarıstanın “HUNÉP” şirkətinin Zəngilan rayonunun Soltanlı kəndində yenidənqurma layihəsinə başladığı da məlumdur.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin may ayında Budapeştdə keçirilən yığıncaqda Macarıstanı “etibarlı strateji tərəfdaş”adlandırmışdır. Dövlət nümayəndələri ilə görüşlərdə energetika, iqtisadi, siyasi, diplomatik sahədə əlaqələrin güclənməsinin, nəqliyyat və logistika, rəqəmsal və kosmos sahəsində əməkdaşlığın önəmi vurğulanmış, ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunmuşdur.
Göründüyü kimi, Azərbaycan və Macarıstan arasındakı əməkdaşlıq bir sıra sahələri əhatə edən çoxşaxəli xarakter daşıyır. Bu iki dövlət arasında əlaqələr, hər iki ölkənin milli maraqlarına uyğun olaraq, gələcəkdə də strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməyə davam edəcəkdir. Qarşılıqlı etimad, hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan bu münasibətlər, regional və beynəlxalq səviyyədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, habelə xalqların rifahının artırılmasına xidmət edəcəkdir. Hələ uzun illər beynəlxalq münasibətlər səhnəsində inamla irəliləyən iki millətin ortaq arzularının, qarşılıqlı dəstəyinin və səmimi yoldaşlığının şahidi olacağıq. Bu dostluq, gələcək nəsillərə ötürüləcək, daha firavan bir dünya qurmaq üçün ilham qaynağı olacaqdır.
Aybəniz Rəşidova,
Bakı şəhəri, Xətai rayonu, Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi