29 may 2025 01:23
209

Şərqin ilk demokratik, hüquqi, dünyəvi respublikası

Müsəlman Şərqində ilk demokratik,hüquqi,dünyəvi parlament respublikası dedikdə,1918-ci il 28 mayda Tiflisdə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hesab olunur. Qısa ömürlü olsa da,AXC-nin siyasi,hüquqi və sosial baxımdan qoyduğu təməl Azərbaycan dövlətçiliyi üçün əvəzsiz dəyər daşıyır.Cümhuriyyətin elan etdiyi xalqımızın öz müqəddəratını təyin etməsi və müstəqil dövlət qurması,hakimiyyətin xalq tərəfindən formalaşan parlamentə əsaslanması,dinindən,millətindən,cinsindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının bərabər tanınması,milli birlik və tolerantlıq kimi əsas ideyalar müasir Azərbaycan Respublikasının da dövlətçilik əsaslarını formalaşdırdı.Bu gün isə həmin ideyalar müstəqil və güclü Azərbaycanın əsas dayağı hesab olunur.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi,bu dövlətin yaranması sadəcə təsadüfi siyasi hadisə deyil,xalqın uzunmüddətli milli müstəqillik arzularının,azadlıq uğrunda apardığı ideoloji və mədəni mübarizənin məntiqi nəticəsi idi.

19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Azərbaycan ziyalıları,publisistləri və ictimai xadimləri milli kimlik,dil,tarix və maarifçilik istiqamətində mübarizəyə başladılar.Bu dövrdə yazılı mətbuat inkişaf etdi,milli teatr və məktəblər fəaliyyətə başladı,qadınların təhsilə çıxışı təmin olundu.Bu hərəkətlər xalqda milli dirçəliş hislərini gücləndirdi və milli özünüdərk prosesini stimullaşdırdı.

AXC-nin yaradılması xalqın siyasi şüurunun,təşkilatlanma bacarığının və milli həmrəliyinin göstəricisi idi.23 aylıq fəaliyyəti nəticəsində AXC bir çox sahələrdə islahatlar apardı,demokratik prinsiplərə əsaslanan idarəetmə sistemi qurdu,qadınlara seçki hüququ verdi, təhsil və mədəniyyət sahələrində böyük uğurlar əldə etdi.Azərbaycanın müstəqil və beynəlxalq hüquqa əsaslanan dövlət kimi tanınması istiqamətində ciddi diplomatik fəaliyyət göstərildi.1920-ci ildə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyəti de-fakto tanındı.

Lakin 23 aylıq fəaliyyətə baxmayaraq,AXC daxili və xarici çətinliklər səbəbindən uzunömürlü olmadı.28 Aprel 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi nəticəsində süqut etdi. Amma AXC-nin qoyduğu siyasi,hüquqi və ideoloji miras 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün əsas ideoloji təmələ çevrildi.

Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, AXC-nin yaranması,xalqımızın tarixən formalaşmış milli müstəqillik duyğularının zirvəsidir.Bu Cümhuriyyətin irsi bu gün Azərbaycan dövlətçiliyinin mənəvi dayağı və milli fəxr mənbəyidir. AXC-nin ideyaları- müstəqillik,demokratiya və milli birlik-müasir Azərbaycanın inkişaf strategiyasının əsas ideoloji sütunları olaraq yaşamaqdadır.

Zümrüd Əliyeva,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının könüllüsü