20 may 2026 18:49
93

Qlobal şəhərsalma idarəçiliyində yeni mərhələ

2026-cı ilin mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası təkcə beynəlxalq şəhərsalma platforması deyil, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev forumdakı çıxışında ölkəmizin tarixi irsə sadiqliyini, müasir şəhərsalma siyasətini və gələcəyə hesablanmış inkişaf strategiyasını geniş şəkildə təqdim etdi

182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirildi. Cənab Prezident İlham Əliyev bu forumu ilyarım əvvəl Bakıda keçirilən COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir adlandırdı.

Dövlət başçısı qeyd etdi ki, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır. Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var.

Ölkə Prezidenti vurğuladı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər.

Ölkə başçısı cənab İlham Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir.

Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Həçminin bu gün Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.

Ölkə Prezidenti çıxışında bildirdi ki, Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib.

Cənab Prezident çıxışının sonunda qonaqların vurğuladı ki, birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı.

Bu gün Bakı artıq yalnız regionun siyasi və iqtisadi mərkəzlərindən biri deyil, həm də qlobal dialoq, şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu mühüm platformaya çevrilib. Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyası bu prosesin davamı kimi Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, ölkəmizin qlobal şəhərsalma idarəçiliyində rolunu yeni mərhələyə daşıyacaqdır.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri