29 may 2025 14:37
177

İstanbulun fəthindən 572 il ötür

Bu gün gəmilərin bir sahildən, digər sahilə quru yol ilə aparılması kimi dünya hərb tarixinə düşən, dünya tarixinin axarını dəyişməsilə yeni dövrə yön verən İstanbulun fəthindən 572 il ötür. 1453-cü il mayın 29-da Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol məhz tarixin bu günü Osmanlı sultanı Fateh Sultan Mehmet (II Mehmet) tərəfindən fəth edilib.

“İki sahil” İstanbulun fəth tarixçəsinə qısa nəzər salır.

İstanbulda ilk məskunlaşma səkkiz min il əvvələ təsadüf edir. Bu, şəhərin Yenikapı bölgəsində aparılan qazıntılar nəticəsində ortaya çıxıb. Tarixi neolit dövrünə qədər uzanan İstanbul eramızın IV əsrində Roma imperatoru Böyük Konstantin tərəfindən Şərqi Roma İmperatorluğunun paytaxtı seçilib. Altı il ərzində şəhərin divarları genişləndirilib, məbədlər, rəsmi binalar, saraylar, ippodromlar və digər tikililər inşa edilib.

Dünyada ən böyük mühasirə və müdafiələrə şahid olan İstanbulu 1453-cü ildən əvvəl müxtəlif tayfalar və sivilizasiyalar dəfələrlə fəth etməyə çalışıblar. Dünyanın mərkəzi hesab edilən bu tarixi şəhər 1453-cü ildə Bizans İmperiyasının paytaxtı ikən aprelin 6-dan mayın 29-dək davam edən mühasirə nəticəsində fəth edilib. Fateh Sultan Mehmet tərəfindən həyata keçirilən bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyasının isə tarix səhnəsindən silinməsinə səbəb olub. İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılıb ki, bu da sultanın əhali arasında nüfuzunu artırıb.

Şəhərin İstanbul adlandırılması ilə bağlı fərqli versiyalar mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. Bosfor boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçməyərək, sadəcə, “İslam şəhəri” mənasını bildirən “İslambol” adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhər rəsmi olaraq İstanbul adlandırılıb.

Türkiyə Statistika Komitəsi tərəfindən aparılan son hesablamalara görə, 2024-cü ildə şəhərin əhali sayı əvvəlki illə müqayisədə 45 min 678 nəfər artaraq 15 milyon 701 min 602 nəfərə çatıb.

29 may tarixi hər il İstanbulda müxtəlif tədbirlərlə böyük coşqu ilə qarşılanır. Şəhərdə müxtəlif tədbirlər, konsert proqramları, yarışlar və digər tədbirlər təşkil olunur. (AZƏRTAC)