30 may 2025 12:52
160

Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü üç dost və qardaş ölkənin strateji birliyinin yeni təzahürüdür

Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır. Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 30-da keçirilən iclasında deyib.

O bildirib ki, hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi.

“Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi. Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yollarında bundan sonra da inamla addımlayacaq və yeni böyük uğurlara imza atacaq”, - deyə S.Qafarova vurğulayıb.