“Azərbaycan Türkiyə və Pakistan kimi qardaş ölkələrlə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq humanitar, mədəni və hərbi sahələri də əhatə edir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nəzərə alaq ki, 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib. Mayın 28-də işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün keçirilməsi də qarşılıqlı münasibətlərin inkişafında yeni səhifə açır. Prezident İlham Əliyev Laçın şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş bayram tədbirində çıxışı zamanı vurğulayıb: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. Liderlərin ilk üçlü Zirvə görüşü ötən il iyulun 3-də Astanada ŞƏT sammiti çərçivəsində baş tutmuşdu. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın institusional səviyyəyə keçidinin də rəmzinə çevrilib. İkinci Zirvə görüşünün Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində keçirilməsi isə rəmzi məna daşıyır və siyasi-mənəvi əhəmiyyəti böyükdür. Hər iki ölkə 44 günlük Vətən müharibəsində və ondan əvvəl də hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Ölkəmiz də onlara öz qardaş dəstəyini göstərib. Zirvə görüşündə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq”,-deyə dövlətimizin başçısı bəyan edib. Zirvə görüşündə Türkiyə və Pakistan liderləri də mühüm bəyanatlar veriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Zirvə görüşündə oxşar mövqeyi Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də ifadə edib. Pakistan lideri qeyd edib ki, bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir.
“Bütövlükdə, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına sahibdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə sülh və təhlükəsiziliyə əhəmiyyətli töhfələr verə bilər”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.