31 may 2025 01:00
220

Müxalifət, yoxsa düşmənin içimizə atdığı desant?

“Bayraq əhvalatı” uyduranlar xaricdəki ağalarına “canlı bankomat” kimi baxırlar

Müstəqilliyimizin elan edildiyi 28 May Günündə bəzi siyasi ünsürlərin qəribə davranışları  paytaxt sakinlərində təəccüb doğurdu. Həmin gün Prezident İlham Əliyev Türkiyə Pakistan dövlətləri başçılarının iştirakı ilə Laçında keçirilən mərasimdə böyük qürurla Azərbaycan Bayrağını qaldırdı. Dağıdıcı fəaliyyəti ilə nifrət qazanan müxalifət isə Bakının mərkəzində Avropa İttifaqının (Aİ) çoxulduzlu göy rəngli bayrağı altında selfi çəkdirir, sonra da onu başları üzərinə qaldırdılar. Laçında üçrəngli Bayrağımız, Bakıda isə otuz il ölkəmizə öz ərazilərini azad etməkdə əngəllər törədən yabançıların rəmzi...Bu mənzərə hər şeyi deyir: biri xalqla, torpaqla, bayraqla bağlıdır-digəri isə əleymizə yönəldilmiş pullu xarici layihələrlə, fondlarla, qrantlarla…

Bu vaxtadək dağıdıcı müxalifətin cürbəcür aksiyalarını, xalqın əleyhinə yönəlmiş xəyanətlərinin şahidi çox olmuşuq. Budəfəki bayraq xəyanəti isə özünəməxsus bir tamaşa idi. Azərbaycan dövləti öz gücünü, nüfuzunu, birliyini nümayiş etdirərkən, kimlərsə bu birliyə kölgə salmağa, milli ruhu “Brüssel paketinə”, “Avropa dəyərləri”nə  dəyişməyə çalışır. Amma bu xalq 1918-ci ildə də, 1991-ci ildə də, 2020-ci ildə də öz yolunu düzgün seçdi və bu yolun adı azadlıq yoludur. Bayrağımız qürurumuzun, siyasi əqidəmizin, milli kimliyimizin göstəricisidir. Biz onun enməməsi üçün qanımızdan, canımızdan keçmişik. Bu mənada 28 Mayda kimin hansı bayrağın altında dayanması onun kim olduğunu tam açıq şəkildə isbatlayır, özü ona hansı mənanı vermələrindən asılı olmayaraq.

AXCP sədri Əli Kərimlinin başçılığı altında toplaşanların Cümhuriyyətin 107-ci ilində Məhəmməd Əmin Rəsulzadənin abidəsinin yanında Avropa İttifaqının bayrağını qaldırması ilə ölkənin apardığı siyasəti anlamadıqlarını göstərdilər. Əlbəttə, vaxtilə müxalifətin mintinqlərində təkcə Aİ-nin deyil, ABŞ Prezidenti kiçik Buşun portreti də, narıncı köynəyi də nümayiş etdirilmişdi. Faydası oldumu? Xeyr, olmadı. İndi bunlar da gülünc və yersizdir. Sadəcə, kərimçilər üçün pul qazanmaq imkanı yaranıb. Qrant iyinə toplaşmış marginal qrupun milli dövlətimizin qurucularının, Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısında Avropa İttifaqının rəmzinin qaldırması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının və mübarizəsinin ən azı heçə sayılması anlamına gəlir. Bu, ağlı başında olan hər hansı azərbaycanlının görməyəcəyi bir işdir. Bunlar unudublar ki, Rəsulzadə və AXC-nin digər qurucuları Azərbaycanı məhz Avropa işğalçılarından, ingilis generalı Tomsondan, ABŞ polkovniki Haskeldən, daşnak bolşeviklərdən və digər düşmənlərdən xilas edərək, bu dövləti qurmuşdular.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin üçrəngli Bayrağımızı öz müttəfiqləri, iki qardaş ölkənin-Türkiyə və Pakistanın liderləri ilə birlikdə dünyanın ən uca yerində tikilmiş Laçın Beynəlxalq Hava Limanında dalğalandırdığı bir vaxtda  müxalifətin əndazəni aşan hərəkəti Azərbaycan xalqının maraqlarına tamamilə ziddir. Çünki məhz xəyanətkar müxalifətin qaldırdığı bayraq altında birləşən kollektiv Qərb, başda Fransa olmaqla Azərbaycan Bayrağının Xankəndidə, Şuşada, Laçında dalğalanmasını gözləri götürmür. Avropa İttifaqı Ermənistana monitorinq missiyası göndərir və onlar əllərindəki ən müasir elektron cihazlarla Azəbaycanın mövqelərini Ermənistan ordusuna ötürməklə casusluq edirlər. Bakıda dağıdıcı müxalifətin qaldırdığı bayraq Avropa İttifaqının Ermənistanda qaldırdığı həmin bayraqdır.

Aydın görünür ki, bu müxalif qruplar Azərbaycan dövlətinin və xalqının dəyərlərinin yanında deyil, əksinə Ermənistanda Aİ-nin bayrağını qaldıran Avropa monitorinq missiyasının və onun himayə etdiyi ermənilərin yanındadırlar. Sərhədlərimizdə Aİ-nin bayrağı altına yığışanlar casusluq edərək kəşfiyyat məlumatları toplayır, Avropadakı anti-Azərbaycan dairələrə də ötürürlər. Sonra həmin məlumatlar əsasında Azərbaycana qarşı təzyiq və böhtan kampaniyaları aparırlar. Təəssüf ki, bizim radikal müxalifət ilana ağu verən rolunu oynayır.  Bunlar sanki düşmənlərimizin ölkəmizə atdığı xüsusi təyinatlı desant təbliğat qrupudur. Hər cür təxribat törətmək, çaxnaşma salmaq, şaiyələr yaymaq və s. üçün  hazır dayanıb “canlı bankomantlar”dan komanda gözləyirlər. Bunlar xarici düşmənlərdən daha təhlükəlidirlər. Ona görə də onların etdikləri bu cür hərəkətlər Azərbaycan dövlətinin, xalqının keçmişinə, bu gününə, gələcəyinə və  Azərbaycan Xalq Cumhuriyyəti dəyərlərinə görünməmiş xəyanətdir.

Vəli İlyasov, “İki sahil”