31 may 2025 02:39
209

Mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələ

Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlər sürətlə davam etdirilir.

Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə  uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə illərdə sosial-iqtisadi inkişaf Srategiyası”, həmçinin“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Bütün bunlar ölkəmizin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb.

Prezident İlham Əliyev mayın 30-da “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sənədə əsasən, Nazirlər Kabineti nəzərdə tutulan layihələr hazırlanarkən 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunmasını, qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını təmin etməlidir. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd edilib ki, sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb. Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.

Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.

Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix yazır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri Böyük Qayıdışı sürətləndirir. Əminliklə demək olar ki, Böyük Qayıdış bundan sonra daha sürətlə həyata keçiriləcək, soydaşlarımız böyük sevinc hissi ilə öz doğma yurdlarına qayıdacaqlar.

Zahid Rza, “İki sahil”