31 may 2025 00:44
201

Zəngəzur dəhlizi qlobal əhəmiyyətli layihədir

«Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur» söyləyən, yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizinin 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatına uyğun açılmalı olduğunu vurğulayan Prezident İlham Əliyevin dəhlizlə bağlı milli maraqlarımızı əks etdirən məntiqi, fəlsəfəsinin əsas mahiyyəti Azərbaycanın digər bölgələrindən Naxçıvana tam maneəsiz keçidin təşkilidir.

Azərbaycan-Türkiyə- Pakistan liderlərinin birgə iştirakı ilə Laçında keçirilən Zirvə görüşündə Orta Dəhliz layihəsinin əsas həlqəsi olan ölkəmizdə nəqlyyat infrastrukturunun əhəmiyyəti bir daha diqqətə çatdırılmaqla Zəngəzur yolunun açılmasının vacibliyi də vurğulandı. Dövlət başçımızın tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəsək. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın mayın 28-də həmin avtomobil yolunda görülən tikinti işləri ilə tanış olmaları Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə baxış olmaqla illərdən bəri mübahisə mövzusu olan Zəngəzur yolunun bərpasının vacibliyini də aktualaşdırır. Xatırladaq ki, bu dəhlizin açılması geosiyasi baxımdan belə beynəlxalq əhəmiyyətə malik infrastruktur layihəsidir. ABŞ-da Bayden administasiyasının yola salınması ilə Ermənistanın Ağ Evin dəstəyindən məhrum olması, Tramp administrasiyasının Cənubi Qafqaz regionuna diqqəti artırması, xususilə də Azərbaycanla münasibətlərə daha çox önəm verməsi ölkəmizin bölgədə artan önəminin ifadəsidir. Prezident İlham Əliyevin mesajından da aydın olur ki, tarixi ədalətsizliyə məruz qalan Zəngəzur üçün 2025-ci il həlledici dövr olacaq. Bu ərazinin tarixən Azərbaycana məxsus olması elmi mənbələrdə belə təsdiqlənib. Məsələ ilə bağlı erməni saxtakarlığı konkret faktlarla təkzib olunsa da türk dünyasının birliyi üçün vacib layihə olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı mövqeyini mütəmadi dəyişən Ermənistan sülh müqaviləsinin önəmli şərtlərindən olan kommunikasiyalarla bağlı öhdəliyini yerinə yetirməlidir. Üçtərəfli sənədin imzalanmasından xeyli müddət keçsə də, məsələ ilə heç bir əlaqəsi olmayan dairələrin Zəngəzur dəhlizinin bərpasına əngəl törətmək cəhdləri keçi suyu bulandırması kimi iyrənc yanaşmadır. Ermənistanın baş nazirinin bölgə ilə heç bir əlaqəsi olmayan dairələrlə «məsləhətləşərək» Zəngəzur dəhlizinə alternativ yollar axtarması onun tarixi səhvidir. Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaratdığı diplomatik təmasları qonşu İranı qıcıqlandırsa da Zəngəzur dəhlizi məsələsində dəyişilməyən mövqeyini ortaya qoyan, bölgədə yeni reallıqlar yaradan, müstəqil siyasət yeridən qüdrətli Azərbaycandır. Bu mövqe yalnız Azərbaycanın deyil. «Bir kəmər, bir yol» layihəsinin təşəbbüskarı Çinin, Türkiyənin, bütünlükdə Transxəzər Orta Dəhlizin fəal iştirakçılarının da perspektiv üçün nəzərdə tutulan önəmli seçimidir. Beləliklə, Zəngəzur dəhlizinin bərpası ilə bağlı sualın qəti cavabı dəyişilməzdir: Bu layihə yalnız bölgənin deyil, geniş coğrafiyanın nəqliyyat infrastrukturunu yeniləyəcək Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində mütləq açılacaq. Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat vasitəsi kimi böyük önəmə malik bu dəhlizin artıq beynəlxalq layihə əhəmiyyətinə malik olması təsdiqlənib.

Bu ilin yanvar ayının ilk günlərində yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizi məsələsinə münasibətini «Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın» sözləri ilə bildirən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyətli layihədir . Çünki daha böyük həcmdə yüklərin ən sərfəli marşrutlarla, daha qısa müddətdə daşınması bütün tərəfdaşlar üçün iqtisadi səmərə baxımından önəmlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin böyük potensialı var. Çünki bu dəhliz vasitəsilə Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır. Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər, bir yol» layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.

Xuraman İsmayılqızı, «İki sahil»