Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) beynəlxalq şəhərsalma gündəliyinin ən mühüm platformalarından biri kimi tarixə düşüb. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev şəhərsalma sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini, tarixi-mədəni irsin qorunması ilə müasir urbanizasiya arasında yaradılmış balansı, postmünaqişə dövründə aparılan yenidənqurma işlərini və ekoloji transformasiya layihələrini geniş şəkildə təqdim edib. Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal şəhərsalma prosesində fəal iştirak edən və öz modelini formalaşdıran dövlətlərdən birinə çevrilib.
Tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu amil Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük iştirak göstəricisi hesab olunur. Forum COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt Bakının beynəlxalq tədbirlər mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Son illər ərzində paytaxtda keçirilən siyasi-iqtisadi, humanitar və idman tədbirləri şəhərin qlobal dialoq platformasına çevrildiyini nümayiş etdirib. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə şəhərsalma və urbanizasiya sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına imkan yaradıb.
Forum iştirakçılarının əksəriyyəti ilk dəfə Azərbaycana səfər edir və bu, qonaqlar üçün həm Bakını, həm də ölkədə həyata keçirilən müasir şəhərsalma siyasətini yaxından görmək baxımından mühüm imkandır. Dövlətimizin başçısının çıxışında vurğulanan məsələlərdən biri Azərbaycanın geosiyasi və sivilizasiya baxımından xüsusi mövqeyi idi. Ölkəmiz tarixən Avropa ilə Asiya arasında yerləşərək Şərqlə Qərbin qovuşduğu məkan rolunu oynayıb və bu xüsusiyyət memarlıq üslubunda da özünü aydın şəkildə göstərir.
Bakının memarlıq siması qədimliklə müasirliyin harmonik vəhdətinin ən uğurlu nümunələrindən biri kimi dəyərləndirilir. İçərişəhərin qədim qala divarları, dar küçələri və tarixi tikililəri ilə müasir göydələnlərin, yeni bulvar komplekslərinin və müasir infrastrukturun bir şəhər daxilində birləşməsi urbanizasiya siyasətinin əsas fəlsəfəsini ortaya qoyur.
Vaxtilə cəmi üç kilometrlik sahəni əhatə edən Bakı Bulvarının 15 kilometrdən artıq müasir dənizkənarı məkana çevrilməsi şəhərsalmanın planlı inkişafının bariz nümunəsidir. XIX əsrdə Avropa memarları tərəfindən inşa edilmiş binaların qorunub saxlanılması isə şəhərin tarixi memarlıq irsinə verilən önəmi nümayiş etdirir. Müasir şəhərsalma yalnız yeni binaların tikilməsi deyil, həm də şəhərin ruhunun, tarixi simasının və mədəni yaddaşının qorunması deməkdir.
Forumda diqqət çəkən məqamlardan biri də 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasıdır. Bu qərar şəhərsalma siyasətinin dövlət strategiyasında xüsusi yer tutduğunu göstərir. Dövlət başçısı çıxışında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. 2022-ci ildən etibarən Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumları keçirilib. Bu tədbirlər postmünaqişə dövründə yeni şəhərsalma modelinin formalaşdırılması baxımından mühüm rol oynayıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri artıq yalnız regional deyil, beynəlxalq səviyyədə də nümunə kimi qiymətləndirilir. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı infrastruktur konsepsiyalarının tətbiqi müasir urbanizasiya modelinin əsas istiqamətləri hesab olunur.
Bakı ilə yanaşı, Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məskənləri xalqımızın zəngin memarlıq və şəhərsalma ənənələrinin daşıyıcısıdır. Şamaxıda yerləşən VIII əsrə aid qədim məscid İslam memarlığının ən qədim nümunələrindən biri kimi təqdim edilir. Naxçıvanda yerləşən XII əsrə aid Möminə xatun türbəsi isə böyük memar Əcəmi Naxçıvani irsinin ən mühüm nümunələrindən biri hesab olunur. Gəncə şəhərinin həm qədim tarixini, həm də müasir inkişafını qoruyaraq inkişaf etməsi təqdirəlayiqdir. Dahi şair Nizami Gəncəvinin vətəni olan şəhərin bu gün də tarixi simasını qoruyub saxlaması dövlətin mədəni irsə münasibətinin göstəricisidir. Şəki və Qəbələ bölgələrində yerləşən çoxsaylı tarixi abidələr qədim şəhər mədəniyyətinin bu günədək qorunduğunu nümayiş etdirir. Kiş kəndində yerləşən qədim kilsə isə Qafqaz Albaniyası dövrünün mühüm dini-mədəni irsi kimi diqqət çəkir. Əcdadlarımızın mühəndislik təfəkkürünün bariz nümunəsi kimi Lahıc kəndi xüsusi önəm kəsb edir. Burada təxminən 1500 il əvvəl yaradılmış kanalizasiya və su sistemi qədim dövrdə yüksək şəhərsalma və infrastruktur mədəniyyətinin mövcud olduğunu göstərir.
Dövlətimizin başçısının çıxışında əsas istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma siyasəti idi. 30 illik işğal dövründə şəhərlər və kəndlər tamamilə dağıdılıb, tarixi və dini abidələr məhv edilib. Ağdam şəhərinin “Qafqazın Xirosiması” adlandırılması dağıntının miqyasını açıq şəkildə göstərir. Lakin bu gün həmin ərazilərdə dünyanın ən böyük yenidənqurma layihələrindən biri həyata keçirilir. Şuşa şəhərinin yenidən qurulması, qala divarlarının və tarixi abidələrin bərpası Qarabağın mədəni ruhunun dirçəldilməsi kimi qiymətləndirilir. Böyük Qayıdış Proqramı çərçivəsində yeni yaşayış məntəqələri salınır, yollar, körpülər, tunellər və hava limanları tikilir. Son beş ildə 70 kilometr tunelin çəkilməsi, 500 körpüdən 435-nin inşa olunması, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların və dəmir yollarının tikilməsi postmünaqişə dövrünün ən iri infrastruktur proqramlarından biri hesab olunur. Bu gün artıq 85 mindən çox insan keçmiş məcburi köçkün həyatı yaşadığı torpaqlara qayıdaraq orada yaşayır, işləyir və təhsil alır. Yeni sənaye zonalarının yaradılması və məşğulluq proqramlarının həyata keçirilməsi Böyük Qayıdışın davamlılığını təmin edən əsas amillərdən biridir.
“Sea Breeze” layihəsi də müasir şəhərsalmanın yeni nümunələrindən biri kimi təqdim edilir. Son 20 ildə Bakıda 100 park və ictimai yer, bağların yaradılması şəhərin ekoloji və sosial mühitinin yaxşılaşdırılmasına xidmət edir. Metro şəbəkəsinin genişləndirilməsi, elektrik avtobuslarının istifadəsi, mikromobillik imkanlarının artırılması və yaşıl nəqliyyat sistemlərinin qurulması müasir urbanizasiya siyasətinin əsas istiqamətlərindəndir. Dövlətimizin başçısı şəhərsalma siyasətində cəsarətlə ehtiyatlılığın paralel şəkildə qorunmasının vacibliyini vurğulayıb. İnkişaf və modernləşmə prosesində sürətli qərarlar vacibdir, lakin tarixi-mədəni irsin qorunması məsələsində maksimum həssaslıq nümayiş etdirilməlidir. Bu yanaşma Bakının və digər şəhərlərin inkişaf strategiyasının əsas fəlsəfəsini təşkil edir.
Azərbaycan müasir şəhərsalma, postmünaqişə bərpası, tarixi irsin qorunması və dayanıqlı inkişaf sahəsində mühüm təcrübəyə malikdir. Urbanizasiya yalnız tikinti prosesi deyil, həm də milli kimliyin, tarixi yaddaşın, sosial rifahın və ekoloji təhlükəsizliyin qorunması deməkdir. Bakıda keçirilən bu mötəbər tədbir həm ölkənin beynəlxalq nüfuzunun artdığını, həm də şəhərsalma sahəsində formalaşdırdığı inkişaf modelinin dünya miqyasında maraq doğurduğunu bir daha təsdiqləyir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı