Keniyanın paytaxtı Nayrobidə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Assambleyasının ikinci davam sessiyası çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, mayın 29-30-da BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat Assambleyasının İkinci Sessiyası öz işini başa çatdırıb. Sessiyada ölkəmizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə milli koordinator Anar Quliyev təmsil edib.
Belə ki, 2025–2029-cu illəri əhatə edəcək üzvlük ölkəmizə urbanizasiya sahəsində beynəlxalq qərarların qəbulunda, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında daha qərarverici rol oynamasına imkan verəcək.
Sessiyada, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün mövzusu və tarixi rəsmi olaraq təsdiq edilib. Tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi və WUF13-də fəal iştiraka dəstək göstərilməsi məsələləri müzakirə olunub ki, bu da Azərbaycanın qlobal şəhərsalma proseslərində mövqeyinin möhkəmlənməsinə dəstək göstərəcək.
Assambleya çərçivəsində 2026–2029-cu illəri əhatə edən yeni Strateji Plan və “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimat da təsdiqlənib. Sənəd UN-Habitat-ın gələcək fəaliyyət istiqamətlərini, dayanıqlı şəhərsalma sahəsində qlobal çağırışlara cavab vermək üçün konkret hədəflər və yeni prioritetləri müəyyən edir.
Azərbaycan nümayəndə heyəti “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə” və “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025 və sonrakı illər”, “Hər kəs üçün layiqli mənzil” mövzularında keçirilən tədbirlərdə də fəal iştirak edib.
A. Quliyev şəhərlərin artan rolunu, COP29-un qlobal iqlim gündəmindəki əhəmiyyətini və Bakı Davamlılıq Koalisiyasının təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb.
Səfər zamanı Komitə sədri UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rosbax, İtaliya, Çin, Malayziya, Özbəkistan və Keniya nümayəndələri ilə görüşərək dayanıqlı şəhərsalma, “ağıllı” şəhər modelləri, ekoloji transformasiya və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, tərəfdaş ölkələri WUF13-də fəal iştiraka dəvət edib.
Sessiya çərçivəsində təşkil olunmuş Azərbaycan stendində isə WUF13-ün əsas planları, müasir şəhərsalma yanaşmaları və ölkəmizin təşəbbüsləri təqdim olunub.