Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu - “SOCAR Green” MMC ölkəmizi "yaşıl enerji" sahəsində milli ekspertiza mərkəzinə çevirmək istəyir.
“İki sahil” xəbər verir ki, bunu törəmə şirkətin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində təşkil olunmuş “Enerji sənayesində davamlılıq” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, “SOCAR Green” sürətlə böyüyür: "Biz strategiyamızı milli strategiya ilə birlikdə inkişaf etdiririk, təkcə bərpa olunan enerji layihələrini deyil, həm də bioyanacaqları tətbiq edirik. Biz hətta enerji istehsalımızı da diversifikasiya edir, bioenerji, yaşıl hidrogen kimi istiqamətləri nəzərdən keçiririk. Bundan başqa, əsasən öz hədəflərimizə və həmçinin milli hədəflərə çatmaqda bizə kömək edə biləcək bütün müxtəlif yaşıl texnologiyalara diqqət yetiririk".
E.Tarquliyev qeyd edib ki, şirkət Azərbaycanın "yaşıl enerji" sahəsində milli ekspertiza mərkəzinə çevirmək üçün müxtəlif texnologiya sahibləri, müxtəlif avadanlıq istehsalçıları və təlim təşkilatları ilə işləyir.