02 iyun 2025 19:18
193

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin inkişaf planına daxil edilməsi müzakirə olunub

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi məsələsi müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazov 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero ilə keçirilən görüşdə aparılıb.

Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının enerji təhlükəsizliyinin təminindəki rolu və bu əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə, həmçinin Azərbaycandan Avropaya təbii qaz və bərpa olunan enerji ixracı üçün infrastrukturun inkişafı məsələləri nəzərdən keçirilib.

Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə yanaşı “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” və “Mərkəzi Asiya–Azərbaycan” yaşıl enerji interkonnektorları layihələrinin irəliləyişi və perspektivləri də müzakirə olunub.

Görüş zamanı yaxın günlərdə Brüsseldə keçiriləcək Azərbaycan–Avropa İttifaqı Yüksək Səviyyəli Enerji Dialoqunun üçüncü iclasının gündəliyində yer alan prioritet məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.