Kolumbiya hökuməti fermerlərə ölkə tarixində ən yüksək səviyyəyə çatan kokain istehsalını dayandırmaq üçün maraqlı təklif irəli sürüb: Koka bitkilərini kökündən çıxarın, onların yerinə qəhvə və ya kakao əkin və dövlətdən maliyyə dəstəyi alın.
“İki sahil” xəbər verir ki, dövlət bu məqsədlə 14,4 milyon dollarlıq layihəyə start verib. İndiyədək 4000 ailə ilə razılaşma əldə olunub. Məqsəd üç fərqli bölgədə ümumilikdə 45.000 hektar koka sahəsini məhv etməkdir. Layihə çərçivəsində ilk ödənişlər həyata keçirilməyə başlanıb.
Məsələn, Argeliyada yaşayan Alirio Kaysedo və onun oğlu Nikolas illərdir koka yetişdirməklə dolanırlar. Amma indi dövlətin ödədiyi pulla bitkiləri kökündən çıxarıb kofe əkininə keçirlər.
Nikolas Kaysedonun sözlərinə görə, bu dəyişiklik fermerlər üçün kifayət qədər risklidir. Çünki koka həmişə alıcıları olan və sabit gəlir təmin edən məhsuldur: "Biz koka əkəndə bilirdik ki, nəhayət məhsul olacaq və pul gələcək. İndi belə bir təhlükəsizlik yoxdur".
Bildirilir ki, Caicedo ailəsi əvvəllər koka yetişdirməkdən ayda təxminən 800 dollar qazanırdı. İndi onlar qəhvə üçün cəmi 300 dollar alırlar.
Məlumata görə, Kolumbiyanın kənd yerlərində qeyri-qanuni silahlı qruplar dövlətin səlahiyyətindən daha çox təsirə malikdir. Bu səbəbdən keçid prosesi hər bölgədə eyni şəkildə getmir.
Adının çəkilməsini istəməyən fermerlərdən biri üzləşdikləri təhlükəni xülasə edərək deyir: "Bu torpaqlarda qeyri-qanuni qruplar dövlətdən daha çox söz sahibidir. Heç kim istəmir ki, siz koka əvəzinə qəhvə əkəsiniz".
Kolumbiyanın ilk solçu prezidenti Qustavo Petro 2022-ci ildə vəzifəyə gəldiyi gündən ABŞ-ın dəstəklədiyi “narkotiklərə qarşı müharibə”dən uzaqlaşmaq istədiyini söyləyib. O, məcburi məhv etməkdənsə, könüllü transformasiyaya yönəlmiş bir yanaşma qəbul edib.
Lakin silahlı qruplarla sülh danışıqları gözləntiləri doğrultmayıb. Bu, Petronun “tam sülh” məqsədini çətinləşdirir.
Layihənin sui-istifadə oluna biləcəyi ilə bağlı xəbərdarlıqlar da var. Argeliya Bələdiyyəsindən Pablo Daza deyir ki, bəzi fermerlər dövlətdən pul almağa və gizli şəkildə koka yetişdirməyə davam edə bilərlər.
Amma layihə rəsmiləri peyk görüntülərindən istifadə etməklə ciddi monitorinq aparılacağını və qaydalara əməl etməyənlərin proqramdan uzaqlaşdırılacağını bildirirlər.
Kolumbiya, həmçinin koka yarpağının Birləşmiş Millətlər Təşkilatının “zərərli maddələr” siyahısından çıxarılmasını tələb edir, çünki o, təkcə kokain istehsalında deyil, həm də And mədəniyyətində çay və ya təbii dərman kimi istifadə olunur. Lakin bu çağırışlar indiyədək beynəlxalq qurumlar tərəfindən cavabsız qalıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”