03 iyun 2025 11:48
166

Azərbaycanda 2024-cü ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olub

2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azaldıb. Qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil edib.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 3-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq, ölkəmizdə 2024-cü ilin makroiqtisadi mənzərəsi qənaətbəxş olub. Bu dövrdə ÜDM 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olub.

“İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşıb, orta illik inflyasiya isə 2,2 faiz təşkil edib. Xüsusi olaraq qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəkləyib. Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin edib”, - deyə A.Əmiraslanov vurğulayıb.