03 iyun 2025 12:38
183

Büdcə kəsiri gözləniləndən az olub, xarici borcun həcmi azalsa da, dəyişkən faiz riski qalır - Vüqar Gülməmmədov

2024-cü ildə büdcə kəsiri 3,4 milyard manat məbləğində təsdiq edilmiş yuxarı həddə qarşı 551,8 milyon manat olub, 1 milyard 776,6 milyon manat artıq cəlb edilmiş vəsait dövlət büdcəsinin sərbəst qalığına yönəldilib. Qalığın artımı vəsaitlərinin idarəedilməsi üzrə yeni yanaşmaları, o cümlədən vəsaitlərin və dövlət borcunun idarəedilməsi üzrə kompleks fəaliyyəti labüd edir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin iyunun 3-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Hesablama Palatasının sədri bildirib ki, hesabat ili üçün təsdiq olunmuş dövlət borclanmasının yuxarı həddinə hər üç komponent üzrə əməl edilib. Hesabat dövrü ərzində bu komponentlər üzrə - daxili dövlət borclanması üzrə 62,2 faiz, xarici dövlət borclanması üzrə 22,8 faiz və dövlət zəmanətləri üzrə 66,8 faiz olmaqla nəzərdə tutulan müvafiq limitlər çərçivəsində əməliyyatlar həyata keçirilib. Hesabat dövrü ərzində dövlət borcunun strukturunda daxili dövlət borcunun payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz bəndi artaraq 68,2 faizə bərabər olub.

“Hesabat ili ərzində birbaşa xarici dövlət borcunun həcmində azalma müşahidə edilib, azalmanın səbəbi il ərzində kreditorlara geri ödənilmiş əsas borc ödənişlərinin həcminin yeni cəlb edilmiş kredit vəsaitlərindən artıq olması olub. İl ərzində birbaşa xarici dövlət borcu üzrə imzalanmış xarici borc müqavilələri əsasında faktiki olaraq cəmi 101 milyon ABŞ dolları dəyərində vəsait cəlb edilib, lakin həmin dövr ərzində bu vəsaitdən 13,6 dəfə çox həcmində əsas borc öhdəlikləri kreditorlara geri qaytarılıb. Hesabat ili ərzində Azərbaycan Hökuməti tərəfindən dəyişkən faiz dərəcəsi ilə cəmi 228 milyon ABŞ dolları ekvivalentində iki kredit müqaviləsi imzalanıb. Xarici borcun həcmi azalsa da, dəyişkən faiz dərəcələrinin payı 2023-cü ildəki 43,1 faizdən 49,3 faizə yüksəlib. Bu “strategiyada” müəyyən edilən 50 faizlik həddən aşağı olsa da, büdcə üçün risk olaraq qalır”, - deyə o vurğulayıb.