Prezident İlham Əliyev 2 iyun 2025-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasətindəki nailiyyətləri və gələcək hədəflərini vurğuladı.
Prezident qeyd etdi ki, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi 30 illik uğurlu əməkdaşlıqlar və imzalanan müqavilələrin tam icrası ilə möhkəmlənib. O, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və bu sahədəki davamlı inkişafını önə çəkdi. Yaşıl enerji sahəsində, Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ilə qədər 2 giqavatlıq bərpa olunan enerji gücünə çatmağı hədəflədiyini bildirdi. Bu məqsədlə, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni günəş və külək elektrik stansiyalarının tikintisi planlaşdırılır. Prezident həmçinin, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə fəal şəkildə qatıldığını və bu istiqamətdə beynəlxalq əməkdaşlığa önəm verdiyini qeyd etdi.
Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Dövlətin həyata keçirdiyi islahatlar, güclü idarəçilik və xalqın birliyi nəticəsində ölkədə möhkəm daxili sabitlik təmin olunmuşdur. Bu sabitlik həm sosial rifahın yüksəldilməsinə, həm də beynəlxalq investisiyaların cəlb olunmasına zəmin yaradır.
Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilmiş, kənd təsərrüfatı, sənaye, nəqliyyat və turizm sahələrində mühüm layihələr həyata keçirilmişdir. Orta Dəhliz, Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələr Azərbaycanın regiondakı strateji rolunu artırmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Müstəqillik illərində əldə olunan nailiyyətlər, ərazi bütövlüyümüzün bərpası və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu inkişafın bariz nümunəsidir.Azərbaycan bu gün regionda güc mərkəzinə çevrilmiş, milli maraqlara əsaslanan balanslı və müstəqil siyasət yürüdən nüfuzlu dövlətdir.Eyni zamanda, Azərbaycan beynəlxalq layihələrdə fəal iştirakı ilə regional əməkdaşlığa töhfə verir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri ölkənin nəqliyyat-logistika mərkəzinə çevrilməsində mühüm rol oynayır.
2020-ci ildə qazanılmış tarixi Qələbə – Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlar azad edildi. Bu, təkcə hərbi deyil, həm də siyasi və mənəvi zəfər idi. Hal-hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, müasir infrastruktura malik yeni şəhər və kəndlər salınır.
Azərbaycan həmçinin humanitar diplomatiya sahəsində də fəallığı ilə seçilir. Bakı beynəlxalq tədbirlərə ev sahibliyi edir, multikulturalizm və tolerantlıq prinsipləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Ölkə dini və etnik müxtəlifliyi qoruyub saxlayan və təşviq edən nadir nümunələrdən biridir.
Nəticə etibarilə, Azərbaycan bu gün regionda siyasi sabitlik, iqtisadi inkişaf, milli həmrəylik və beynəlxalq əməkdaşlığın uğurlu sintezini nümayiş etdirən bir modelə çevrilmişdir. İrəli baxan, planlı şəkildə inkişaf edən və öz dəyərlərinə sadiq bir dövlət kimi Azərbaycan gələcək nəsillər üçün daha güclü və firavan vətən qurur.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi