04 iyun 2025 01:25
155

Xalqın birliyi qarşısıalınmaz qüvvə, qətiyyət rəmzidir

Müstəqillik tariximizin qara səhifəsi olan 4 iyun Gəncə hadisələrinin qarşısı bu qətiyyət sayəsində alındı

Xalqların azadlıq uğrunda mübarizələri həmişə çətin, ancaq şərəfli olub. İstər yadellilərə qarşı, istərsə də daxili satqınlara qarşı qətiyyət göstərən Azərbaycan xalqının qəhrəmanlıq tarixi bu baxımdan zəngindir. Müstəqillik yolların çətinliyindən söz düşəndə ilk növbədə müxtəlif illərdə dövlət çevrilişlərinə cəhdlər ciddi təhlükə kimi nifrətlə xatırlanır. Ulu Öndər Heydər Əliyevə ümumxalq inamından qorxan daxili və xarici qüvvələrin törətdikləri 1992, 1994, 1995- ci il dövlət çevrilişlərinə cəhdləri Ümummilli Liderin ətafında birləşərək aradan qaldıran xalqımız eyni qətiyyəti daha təhlükəli, planlı şəkildə həyata keçirilən 1993-cu il Gəncə qiyamı zamanı da göstərdilər.

4 iyun 1993-cü ilin hadisələri mürəkkəbliyi və çətinliyi ilə fərqlənir. Azərbaycanın parçalanma təhlükəsi ilə üz-üzə dayandığı o dövrdə şəxsi maraqlar naminə törədilən Cəncə hadisələrini «Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər… Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev xalqın birliyini həlledici məqamlarda sarsılmazlıq nümunəsi kimi göstərib.

4 iyun hadisələri ilə bağlı müxtəlif fikirlər səslənsə də, Azərbaycanı uçuruma aparan xaosun «müəllifləri», AXC-Müsavat cütlüyünün iqtidarsızları günahları biri-birinin üzərinə atsalar da xəyanətin ünvanı, müstəqilliyimizə zərbə olan nəticələr dəyişmir. Xalqa vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə, vətəndaşların sabaha ümidini qıran mənəm- mənəmlik, səriştəsizlik ölkəni vətəndaş müharibəsinə aparırdı.

...Sürət Hüseynov kimi cinayətkarı «milli qəhrəman» edən AXC-Müsavat cütlüyünün yarıtmaz iqtidarı, «bəylərin» səriştəsizliyi, ölkədə yaranan hakimiyyətsizlik dövründə Azərbaycanı idarə edənlər kimlər idi. Vətəndaşların şəhərdə sərbəst dolanmaları belə riskli idi. Başqa sözlə, dövlətçilik anlamı yox dərəcəsində idi. Sıravi elmi işçi baş nazir kimi ölkəni özünə sərf edən sayaq idarə edirdi. Texniki-peşə məktəbinin komsomol təşkilat katibi Əli Kərimli cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul idi. İnstitut müəllimi, sonradan « vəzifəmi dondururam» deyə biləcək qədər savadsız kadr xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə yiyələnmişdi. Müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi Rəhim Qazıyev kimi hərb elminin əlifbasını bilməyən nazirə, riyaziyyat müəlliminə tapşırılır, sürücülərə general rutbələri verilir, orta təhsili olanlara rayonlara rəhbərlik səlahiyyətləri tapşırılır… Bir sözlə, iddiaları başlarından böyük olan, hakimiyyəti zorla ələ keçirən sıravi cəbhəçilər, meydanlarda fit çalanlar, « xalq hərəkatının öncülləri» kimi mükafatlandırılır, törətdikləri cinayətlərə görə uzun müddət həbsdə yatan cinayətkarlara hüquq- mühafizə orqanlarında yüksək vəzifələr həvalə olunur…
Bu təhlükəni təsdiqləyən amillər çox olsa da o illərdə respublikanın müxtəlif rayonlarında, o cümlədən Bakı şəhərində yaranan, insanları təlaşlandıran mənzərə vəziyyətin həqiqətən dözülməz olduğunu göstərirdi. Bakı küçələrində avtomatla silahlanmış, müxtəlif siyasi partiyalara xidmət edən kamfilyaj geyimli saqqallılardan ibarət dəstələr şəhər sakinlərində vahimə yaradırdı. Hər dəstə özlərinin üzdəniraq başçılarının əmrini yerinə yetirir, bəzi hallarda qarşıdurma yaradırdılar. Yenə də mənəvi sarsıntı keçirən dinc sakinlər olurdu. Nüfuz dairələri naminə rəqabət güclənirdi.

1993-cü ilin yazında ölkənin parçalanmasına real təhlükə yarandığı bir məqamda hər gün rastlaşdıqları qorxu dolu anlardan cana doyan insanlar çıxış yolu kimi o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, el ağsaqqalı, müdrik şəxsiyyət Heydər Əliyevin Bakıya qayıtmasını vəziyyətdən çıxış yolu kimi seçdilər.

Ermənilərin torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edən, məsuliyyətli bir dövrdə baş verənləri xalqa xəyanət adlandıran tarixi şəxsiyyət Heydər Əliyevə ümumxalq məhəbbətindən, inamından qorxan, ehtiyatlanan AXC-Müsavat iqtidarı bacarıqsızlıqlarını etiraf etmək əvəzinə Ulu Öndərin ölkəyə rəhbərliyini tələb edən milyonların istəyini boğaraq insanlara təzyiq göstərirdilər. Ulu Öndərin varlığını belə özləri üçün real təhlükə hesab edərək ona fiziki zərər vurmaq üçün Naxçıvana silahlı dəstələr göndərməkdən belə çəkinmirdilər.

Prezident İlham Əliyev o illəri Azərbaycan tarixinin ağır dövrü kimi xatırlayır: «Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir Azərbaycan böyük fəlakətlərlə üzləşmişdir. Demək olar ki, gənc müstəqil dövlət uçurum kənarında idi. Heydər Əliyev siyasəti, onun qətiyyəti, xalqın ona inamı bu ağır vəziyyətdən xalqımızı, dövlətimizi çıxara bilmişdir və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.»

Belə gərgin vəziyətin davam etdiyi zaman «polkovnik» Surət Hüseynovun komandanlıq etdiyi hərbi hissədə vəziyyətə nəzarət qeyri-mümkün idi. Sovetlərə məxsus 130 və 709 nömrəli hərbi hissələrin ərazisində baş verən qiyamın əsl mahiyyətini öyrənmək üçün təşkil olunan komissiya və ağsaqqallardan ibarət nümayəndə heyətinin səyləri belə fayda vermədi. Özünə siyasi əqidədaş hesab etdiyi Xalq Cəbhəsinin və onun hakimiyyət pramidasında əyləşən vəzifəlilərə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoyan Sürət Hüseynovun silahlıları kimi, AXC-Müsavat cütlüyünə tabe olan saqqallılar da insanları döyür, söyür, təhqir edir, dövlət strukturlarını dağıdır, zavodlarda baha qiymətə alınan avadanlıqları, talan edir, xarici ölkələrə satırdılar.

Ölkəyə rəhbərliyi irəli sürülərkən « çəpik çala-çala prezidentliyə namizəd irəli sürdüyünüz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız» söyləyən Elçibəy onu da etiraf edirdi ki, «tankların qabağında dayansalar da pulun qabağında dayana bilməyən bəylərin» törətdikləri iğtişaşların qarşısını yalnız bir nəfər ala bilərdi: Xalqın inamını doğruldan Heydər Əliyev. Ölkədə yaranan vətəndaş qarşıdurmasının öhdəsindən gələ bilməyən o zamankı spiker İsa Qəmbər , baş nazir Pənah Hüseynov artıq istefa vermiş, xalqı başsız qoymuşdular. Ölkə ziyalılarının müraciətini yüksək dəyərləndirən, müstəqilliyi təhlükə altında olan Azərbaycanı vətəndaş müharibəsindən qurtarmaq üçün iyun ayının 9-da Bakıya gələn Ümummilli Lider, müdrik şəxsiyyət Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını yerinə yetirdi. Demək olar ki, Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Qan tökülmüşdü. Hadisə zamanı 20 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, küllü miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdi.

Yaranan vəziyyətin çətinliyini başa düşən, Azərbaycanın müstəqilliyinin qorunması, varlığımızın əbədiliyi naminə xalqın tələbinə səs verən, «Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək» söyləyən Ulu Öndər Gəncəyə yollanmaqla əsl həqiqəti öyrənməyə çalışdı. Onun səyi ilə qiyam yatırıldı. Bütün Azərbaycan xalqının istəyinə və təkidli tələbinə uyğun olaraq Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin Sədri, sonra isə Prezident seçildi.

Arxada qalan o illərdə baş verən hadisələrə bu günün prizmasından bir daha diqqət yetirək. Kimlər idi Azərbaycanın müstəqilliyini istəməyənlər, xalq arasında nifaq salmaqla vətəndaş müharibəsi törədənlər, Azərbaycanı parçalamaq istəyənlər, «Talış-Mugan respublikası»na xeyir-dua verənlər, respublikanın şimalında «Ləzgistan» yaradanlar?

44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizlə bütün qaranlıqlara aydınlıq gətirildi. Bəlli oldu ki, o dövrdə AXC- Müsavat iqtidarına xidmət edənlər xəyanətlərini Qərbin künc-bucaqlarında yerləşməklə davam etdirirlər. Qarabağda bilərəkdən, süni olaraq milli zəmində münaqişə planlarını həyata keçirənlərin, guya probleminin həlli üçün ATƏT-in Minsk qrupunu yaradanların əsas məqsədi torpaqlarımızı Ermənistana birləşdirmək idi. Lakin zaman öz söznü dedi. Cənubi Qafqazda öz maraqlarına nail olmaq üçün müstəqilliyimizə bütün vasitələrlə mane olanların mənfur niyyətlərinin aşkarlanması Azərbaycanın düşünülmüş diplomatiyasının beynəlxalq aləmdə dəstəklənən uğurudur. Siyasi, iqtisadi, hərbi gücü, qüdrəti ilə güc mərkəzinə çevrilən ölkəmizin sivilizasiyalararası məkan kimi maraq doğurması, Qlobal Cənubun beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşı, təşəbbüskarı olması bütün məkrli niyyətlərə qalib gəldi. Havadarlarının dəstəyi ilə torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın məğlubiyyətini qəbul etməyə məcbur qalan Qərb kimi, hayların digər havadarları da işğaldan azad edilmiş torpaqlarımızda, ən əsası Xankəndidə, Xocalıda, Şuşada… dalğalanan bayraqlarımıza həsədlə baxırlar. Son günlərdə çətin coğrafi relyefdə yerləşən Laçında aparılan quruculuq işlərini, möhtəşəmliyi ilə göz oxşayan Laçın Beynəlxalq Hava Limanını, türk dünyasının yenilməzliyini özlərinin məğlubiyyəti kimi qəbul edən xarici düşmənlərimiz, mənəviyyatlarını anti-Azərbaycan dairələrə satan xəyanətkarlarımız bu möhtəşəmlik qarşısında susmağa məcburdurlar. Artıq onlar da bilirlər ki, Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq dövrü ötən əsrin sonlarında qaldı. Bu gün ölkəmiz beynəlxalq ictimaiyyəti düşündürən qlobal məsələlərin həll olunduğu, sülh, həmrəylik çağırışlarının dünya ictimaiyyətinə ünvanlandığı tolerant məkandır. Bu ölkəyə dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin siyasətini müasir dövrün tələblərinə uyğun davam etdirən, həmkarlarının belə qibtə etdikləri Prezident İlham Əliyev kimi lider başçılıq edir. Siyasətdə, iqtisadiyyatda, müdafiə sahəsində qazınılan uğurlarımıza dəmir yumruğu, zəkası, dövlətçilik təcrübəsi ilə nail olan Prezident İlham Əliyev bütün dünyada Qarabağın memarı, bacarıqlı sərkərdə, etimadı, etibarı vədinə sadiqliyi ilə doğruldan qətiyyətli dövlət başçısı kimi tanınır. Xalq-iqtidar birliyi sayəsində suverenliyimizin tam və mütləq bərpası bu güc sayəsində əbədiləşdi.

«Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir» söyləyən Prezident İlham Əliyevin «Qarabağ Azərbaycandır» müdrik şuarı xalqımızın, dövlətimizin mənəvi pasportu, varığımızın simvoludur.

Xuraman İsmayılqızı, «İki sahil»