20 may 2026 10:15
302

Tarixiliyi qorumaqla müasirləşmə

Azərbaycan şəhərləri ta qədimdən indiyədək yalnız yaşayış məntəqəsi deyil, həm də iqtisadi gücün, mədəni zənginliyin, elmi inkişafın və dövlətçilik ənənələrinin daşıyıcısı olub

Azərbaycan ərazisi dünyanın ən qədim insan yaşayış məkanlarından biri hesab olunur. Aparılan arxeoloji tədqiqatlar sübut edir ki, burada həyat yüz minlərlə il əvvəl mövcud olub. Füzuli rayonu ərazisində aşkar edilən qədim insan məskənləri bu torpaqlarda təxminən 1,2 milyon il əvvəl insanların yaşadığını göstərir. Bu fakt Azərbaycan ərazisinin qədim sivilizasiya ocaqlarından biri olduğunu təsdiqləyir. Orta əsrlərdə Azərbaycan ərazisi inkişaf etmiş şəhər mədəniyyəti ilə seçilib. Qafqaz Albaniyasının paytaxtı Qəbələ mühüm siyasi və iqtisadi mərkəz hesab olunurdu. Sonrakı əsrlərdə Bakı, Gəncə, Təbriz, Şamaxı, Şəki, Naxçıvan və Bərdə kimi şəhərlər regionun əsas sənətkarlıq, elm və ticarət mərkəzlərinə çevrilib. Bu şəhərlərin memarlıq üslubu həm estetik görünüşü, həm də müdafiə imkanlarını özündə birləşdirib. Bakı şəhəri isə orta əsr Şərq şəhərsalmasının ən mühüm nümunələrindən biri hesab olunur. İçərişəhər kompleksi və Şirvanşahlar sarayı bu gün də Azərbaycanın qədim şəhər mədəniyyətini əks etdirən nadir memarlıq abidələri sırasında yer alır və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesi yeni mərhələyə qədəm qoydu. Bu mərhələ neft sənayesinin sürətli inkişafı və kapitalist münasibətlərinin yaranması ilə xarakterizə olunur. İqtisadi yüksəliş kənd əhalisinin şəhərlərə (xüsusilə Bakıya) kütləvi axınına və yeni sənaye mərkəzlərinin yaranmasına səbəb oldu. Ənənəvi Şərq şəhərləri ilə yanaşı, qabaqcıl Avropa şəhərsalma prinsiplərinə uyğun, geniş prospektləri, çoxmərtəbəli binaları və müasir infrastrukturu olan yeni məhəllələr salındı. XX əsrin ikinci yarısında isə Azərbaycanda şəhər quruculuğunda dönüş mərhələsi oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişindən sonra şəhərsalma siyasəti daha sistemli şəkildə həyata keçirilməyə başlandı. Tarixi və memarlıq abidələrinin qorunması, şəhərlərin müasir infrastruktura uyğun inkişafı və paytaxtın abadlaşdırılması əsas istiqamətlərdən idi. Həmçinin regionlarda şəhərlərin sosial və iqtisadi inkişafına xüsusi diqqət yetirilirdi. Bu tədbirlər Azərbaycanın memarlıq irsinin qorunması sahəsində mühüm mərhələni təşkil edir. Həmin dövrdə Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərinin inkişafı sürətləndi. Respublikada regional şəhərsalma şəbəkəsi formalaşdı. 1969-1982-ci illərdə şəhərsalma ilə bağlı bir sıra qərarlar qəbul olundu. Məsələn, “Azərbaycanda infrastruktur və şəhər inkişafı” ilə bağlı qərarda yeni tikinti layihələrinin həyata keçirilməsi ilə yanaşı, şəhərlərin tarixi memarlıq üslubunun da qorunub saxlanılmasına xüsusi diqqət yetirilirdi. Məhz həmin dövrdə İçərişəhərin qorunması proqramı hazırlanmış, tarixi memarlıq abidələrinin inventarlaşdırılması aparılmışdı. Ulu Öndər Heydər Əliyev çıxışlarında qeyd edirdi ki, şəhərlərin memarlıq siması xalqın mədəni səviyyəsini və tarixi irsini əks etdirir. Beləliklə, sovet dövründə həyata keçirilən şəhərsalma proqramları Azərbaycanın sənaye və sosial infrastrukturu üçün əsas yaratdı, müstəqillik dövründə isə yeni iqtisadi və siyasi reallıqlara uyğun şəhər inkişaf modeli formalaşdı.

Müstəqillik dövründə şəhərsalma artıq yeni iqtisadi reallıqlara uyğunlaşmağa başladı. Bazar iqtisadiyyatı, özəl investisiyalar, beynəlxalq əməkdaşlıq və yeni idarəetmə mexanizmləri şəhərlərin inkişafına təsir göstərdi. Bakı həm tarixi irsi qoruyan, həm də müasir memarlıq nümunələri ilə qlobal şəhər imici qazanan paytaxta çevrildi. Heydər Əliyev Mərkəzi, "Flame Towers", Bakı Ağ şəhər layihəsi və digər müasir obyektlər paytaxtın memarlıq panoramasını əhəmiyyətli dərəcədə dəyişdirdi. Bu dövrdə paytaxtla yanaşı, regionlarda da şəhər və qəsəbələrin siması əsaslı şəkildə dəyişdi, tarazlı regional inkişaf konsepsiyası real nəticələrlə müşayiət olundu. 44 günlük Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərdə həyata keçirilən bərpa layihələri isə Azərbaycan şəhərsalma tarixində unikal nümunələrə çevrildi. Qısa müddətdə onlarla şəhər və kənd üzrə planlaşdırma sənədlərinin hazırlanması, “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarının tətbiq edilməsi ilə ölkəmizin innovativ şəhərsalma baxışı müəyyənləşdi. Şuşa şəhərinin tarixi memarlıq simasının bərpası isə milli iradənin, tarixi ədalətin və mədəni yaddaşın təntənəsi kimi memarlıq tariximizə qızıl hərflərlə yazıldı.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bu məsələlərə toxunarkən qeyd etdi ki, Azərbaycan üçün şəhərsalma yalnız bina tikmək deyil, tarixlə gələcəyin harmoniyasını yaratmaqdır. Dövlət başçısının çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanın tarixlə müasirliyi necə uzlaşdırdığı barədə söylədikləridir. Prezidentin İçərişəhərin qədim divarları barəsində dedikləri əslində bugünkü Bakının mahiyyətidir: bir tərəfdə minillik tarix, digər tərəfdə şüşədən və poladdan ucalan müasir memarlıq; bir tərəfdə qədim qala divarları, digər tərəfdə dünyanın ən müasir urbanistik layihələri.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Bakının ekoloji transformasiyası ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, Bakı 1846-cı ildən başlayaraq neft hasilatının əsas mərkəzlərindən biri olub və uzun illər ərzində ekoloji məsələlərə demək olar ki, diqqət yetirilməyib. Lakin son illərdə həyata keçirilən layihələr nəticəsində vaxtilə çirklənmiş ərazilər müasir yaşayış və ictimai məkanlara çevrilib. Prezidentin vurğuladığı kimi, bir zamanlar ağır sənaye və ekoloji problemlərlə tanınan Qara şəhər bu gün Ağ şəhər layihəsi ilə şəhərsalmanın ən uğurlu nümunələrindən birinə çevrilib. Bu transformasiya Azərbaycanın şəhərsalmada yalnız estetik deyil, həm də ekoloji dayanıqlılığa üstünlük verdiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında əsas yerlərdən birini işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri tutdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma siyasəti artıq beynəlxalq səviyyədə unikal model kimi qiymətləndirilir. Dövlət başçısı Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq şəhərin tamamilə dağıdıldığını vurğuladı. Prezidentin sözləri ilə desək, bu dağıntılar bir günün deyil, 30 illik işğalın nəticəsi idi. Bu gün isə həmin ərazilərdə tamamilə yeni şəhərlər və kəndlər qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, yaşıl enerji layihələri həyata keçirilir, müasir infrastruktur yaradılır.

Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi mesajların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan yalnız şəhərlər inşa etmir. Azərbaycan gələcəyin inkişaf modelini qurur. Bu modeldə tarixi yaddaş qorunur, milli irs yaşadılır, insan amili ön plana çıxarılır, müasir urbanizasiya prinsipləri dayanıqlı inkişaf konsepsiyası ilə birləşdirilir.

Sevinc Azadi, “İki sahil”