03 iyun 2025 18:54
161

“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət-özəl tərəfdaşlığını tələb edir

Azərbaycanda bərpa olunan enerji üzrə yeni sənaye sahələrinin, o cümlədən geotermal enerji sektorunun inkişafı üçün dövlətlə özəl sektor arasında səmərəli əməkdaşlığa ehtiyac var.

“İki sahil” xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti geotermal sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atır: "Biz də, “SOCAR Green” olaraq, potensial tərəfdaşlarla və müxtəlif beynəlxalq təşkilatlarla danışıqlar aparırıq. Geotermal sahəni sadəcə nümunə kimi qeyd edirəm. Bu kimi yeni sənaye istiqamətləri, xüsusilə də Azərbaycan kimi ölkələrdə, dövlət-özəl tərəfdaşlığını zəruri edir. Burada söhbət təkcə texniki bilik və ya qiymətləndirmə imkanlarına malik şirkətləri cəlb etməkdən getmir. Ölkənin strateji prioritetlərinə uyğun olaraq, hökumət bu sahələrin inkişafını stimullaşdırmaq üçün müəyyən subsidiyalar və güzəştlər təqdim edə bilər”.

E. Musayev qeyd edib ki, günəş və külək enerjisi sahəsində müəyyən irəliləyişlər əldə olunub: “Artıq bu istiqamətlərdə müəyyən yenilənmiş tariflər tətbiq olunur. Bununla yanaşı, enerji saxlama sistemləri - xüsusilə batareya texnologiyaları - bu sahədə yeni və vacib bir tələb kimi ortaya çıxır. Günəş və külək enerjisi layihələrinə dair gələcək investisiyalarda bu texnologiyalar qaçılmaz olacaq. Biz investor olaraq investisiya hüquqlarımızın qorunmasına xüsusi önəm veririk. Eyni zamanda dövlətə məxsus bir qurum kimi müxtəlif maraqlı tərəflər - İqtisadiyyat və Energetika nazirlikləri, digər hökumət strukturları, özəl şirkətlər və ölkədə fəaliyyət göstərən xarici investorlarla sıx əməkdaşlıq quraraq qarşılıqlı kommunikasiyanın daha effektiv və rahat olmasına çalışırıq”.