04 iyun 2025 08:14
138

Yaponiyanın Baş naziri Cənubi Koreyanın yeni prezidenti ilə mümkün qədər tez görüşmək istəyir

Yaponiyanın Baş naziri Siqeru İsiba Cənubi Koreyanın yeni prezidenti Li Çje Myon ilə ən qısa zamanda görüşmək istədiyini bildirib.

“İki sahil” xəbər verir ki, Yaponiyanın Baş naziri ABŞ ilə üçtərəfli format da daxil olmaqla əməkdaşlığın vacibliyini qeyd edib.

“Mümkün qədər tez zamanda yüksək səviyyəli görüşün keçirilməsi yaxşı olardı”, - o, jurnalistlərə bildirib. Baş nazir Cənubi Koreyanın yeni prezidentinin vəzifəsinin icrasına başladığı və administrasiyanı hələ formalaşdırmadığı üçün hələlik vaxtla bağlı konkret müzakirələrin aparılmadığını qeyd edib.

İsiba həmçinin Cənubi Koreyada hansı administrasiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, çevik diplomatiyasının vacibliyini qeyd edib. Baş nazirin sözlərinə görə, həm Yaponiya, həm də Cənubi Koreya ABŞ-nin müttəfiqləridir, onların diplomatik və təhlükəsizlik siyasətləri bu baxımdan oxşardır.

“Mən Yaponiya və Cənubi Koreya, eləcə də Yaponiya, ABŞ və Cənubi Koreya arasında əməkdaşlığı intensivləşdirmək istərdim”, - o əlavə edib.

Cənubi Koreyada iyunun 3-də keçirilən prezident seçkilərində “Toburo” Demokrat Partiyasının namizədi Li Çje Myon qalib gəlib. Onun səlahiyyət müddəti iyunun 4-də başlayıb.