Rusiyanın Saratov vilayətindəki fermerlər prezident Vladimir Putinə müraciət edərək, sayqaların “işğal”ı ilə mübarizədə onlara köməklik göstərilməsini istəyiblər. Antilop növü olan sayqanın Qazaxıstandan köçdükləri zaman fermerlərin tarlalarını məhv etdiyi bildirilir.
“İki sahil” xəbər verir ki, bir çox fermerlər “Telegram” hesablarında bildiriblər ki, sayqa populyasiyası son illərdə nəzarətdən çıxıb və Rusiyada bu heyvanların sayı 1 milyona çatıb.
Volqa çayı boyunca yerləşən Saratov Rusiyanın altıncı ən böyük taxıl istehsal edən bölgəsidir. Fermerlər may ayının sonuna kimi Qazaxıstandan Rusiyaya 500 min sayqanın keçdiyini, minlərlə heyvanı çaylarda boğduğunu və su təchizatını çirkləndirdiyini bildiriblər.
Fermerlərin bəyanatında deyilir: “Biz sizin anlayışınıza və bölgəmizdə kənd təsərrüfatının sağ qalmasına təhlükə yaradan bu vəziyyətin həllində yardımınıza ümid edirik”.
Qeyd edək ki, 1990-cı illərdə nəsli kəsilməkdə olan sayqaların öldürülməsi və ya ovlanması Rusiyada qadağandır.
Bölgənin aparıcı təsərrüfatlarının rəhbərlərinin Putinə ünvanladığı və “Reuters”in əldə etdiyi ayrıca məktubda qeyd olunub ki, sayqalar “kənd təsərrüfatı zərərvericiləri” kateqoriyasına aid edilmədiyi üçün bu heyvanlar tərəfindən məhsula dəyən itki və ziyan sığortalanmır.
Saratov vilayətinin kənd təsərrüfatı naziri bu gün zərərin qiymətləndirilməsi komitələrinin yaradıldığını və fermerlərə dəstək mexanizminin hazırlandığını açıqlayıb.
Qazaxıstan Taxıl İttifaqından Yevgeni Karabanov “Reuters” agentliyinə bildirib ki, hazırda ölkədə 4-4,5 milyon sayqan var, 1990-cı illərdə cəmi 25 000 sayqan olub: “Miqrasiya sahələri xeyli genişlənib. Heç kim onlardan pasport tələb etmir”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”