04 iyun 2025 10:52
147

Tərəfdaşlar dayanıqlı, təhlükəsiz və inklüziv enerji uğrunda çalışır

Bakı Enerji Forumu bu dəfə də yerli və xarici şirkətlərin nümayəndələrinin mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan yaratdı. Bütün tərəfdaşlar güclü, təhlükəsiz enerji gələcəyi uğrunda mübarizənin getdiyi bir vaxtda Bakı Enerji Forumunun işini yüksək qiymətləndirir. Azərbaycanın etibarlı strateji tərəfdaş və sabitləşdirici faktor kimi rolunu xüsusi vurğulayırlar. Budəfəki forumda da bir daha birlikdə dayanıqlı, təhlükəsiz və inklüziv enerji uğrunda çalışmağın önəmi qeyd olundu, enerji sektorunun dinamikliyi geniş təhlil edildi.

Açılış mərasimində Azərbaycan Prezidenti ölkəmizin enerji hədəflərinə bir daha diqqət çəkdi. Bəyan etdi ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.

Təsadüfi deyil ki, Azərbaycanın neft ixracının 75 faizdən çoxu, təbii qaz tədarükünün isə 51 faizi Avropa ölkələrinə yönəlib. Azərbaycan yalnız ənənəvi enerjiyə deyil, bərpaolunan enerjiyə də investisiya yatırır.  Bütün tərəfsaşlar etibarlı partnyor axtarışındadır. Həm bərpaolunan, həm də qazıntı yanacaqlarında Azərbaycan nümunəvi ölkə kimi cəlbedicidir, etibarlı tərəfdaş, böyük şirkətlər üçün strateji bazarlardan biridir. Ölkəmiz həm də adekvat infrastruktur yaratmaqla enerji təhlükəsizliyinə töhfə verir. Bakı Enerji Forumunda da bildirildi ki, bərpaolunan enerji istehsalını artırmaq əsas məqsədlərdəndir və təhlükəsizlik vacibdir. Bu mənada Azərbaycan çox unikal örnəkdir. Ökəmiz hazırda 4 interkonnektor layihəsinə start verib ki, bu da Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 

Bir sözlə, Azərbaycan Avropanın yeni enerji xəritəsində əsas iştirakçı olmaqla yanaşı həm də qlobal enerji tendensiyalarına uyğun qərarların verildiyi, müzakirələrin təşkil edildiyi  dialoq mərkəzinə çevrilib. Azərbaycanın timsalında bütün növ enerji resurslarına rasional yanaşma etibarlı enerji təhlükəsizliyinin nümunəvi modeli formalaşıb. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır.

Könül Nurullayeva,
Milli Məclisin deputatı