Qarabağ bizim üçün, sadəcə, ərazi baxımından deyil, enerji siyasətimizdə də dönüş nöqtəsinə çevrilib. Bu bölgə artıq yaşıl enerji zonası kimi formalaşdırılıb və bu istiqamətdə mühüm addımlar atılıb.
“İki sahil” xəbər verir ki, bu fikirləri energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O qeyd edib ki, Qarabağda yaşıl enerji konsepsiyası hazırlanıb və artıq tətbiq olunmağa başlanıb. “Bu çərçivədə bölgədə müasir, mərkəzləşdirilmiş istilik sistemlərinin yaradılması istiqamətində işlər aparılır”, - deyə o vurğulayıb.
Nazir müavini müzakirəyə çıxarılan qanun layihəsi barədə danışaraq bildirib ki, təqdim olunan layihənin əsas məqsədi vətəndaşların rifah halının yaxşılaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsidir. “Bu qanun layihəsi ilə daha sərfəli, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı istilik təchizatı sistemlərinin tətbiqinə imkan yaranacaq”, - deyən E.Soltanov, həmçinin gələcəkdə bölgənin xüsusilə ucqar və inkişaf potensialı yüksək olan ərazilərində istilik nasosları kimi yeni texnologiyaların tətbiqinin nəzərdə tutulduğunu da bildirib. “Bu texnologiya Avropada da aktualdır, lakin müəyyən yüksək maliyyə tələblərinə görə geniş tətbiq olunmayıb. Biz bu sahəni ciddi şəkildə izləyirik və gələcəkdə Qarabağda tətbiqi mümkün ola bilər”, – deyə o əlavə edib.
Nazir müavini vurğulayıb ki, “İstilik təchizatı haqqında” qanun layihəsi ölkənin enerji təhlükəsizliyinin və ekoloji dayanıqlılığının təmin olunmasına əhəmiyyətli töhfə verəcək.