04 iyun 2025 13:10
237

Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir

Azərbaycan dünyada genişmiqyaslı infrastruktur təşəbbüslərini gerçəkləşdirən qüdrətli dövlət kimi tanınır. Milli inkişaf məsələsinə kompleks yanaşan Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər iqtisadi yüksəlişin, tərəqqinin və Zəfərimizin təməlini formalaşdırıb, vacib maliyyə və maddi imkanlar yaradılıb. Bu imkanlar müasir dövrün ən nüfuzlu siyasətçisi tərəfindən ölkənin iqtisadi və hərbi üstünlüyünə, xalqımızın tarixi uğuruna çevrilib. Beləliklə, müdrik strateqin bacarığı və xalqımızın liderinə sarsılmaz etimadı, güclü ruh yüksəkliyi sayəsində Azərbaycan bənzərsiz Zəfər əldə edib. Bununla da dövlətimizin təhlükəsiz və davamlı gələcəyi təmin olunub, yeni inkişaf mərhələsi başlanıb.

Azərbaycanın rəhbərliyi ilə böyük enerji və logistika layihələri icra olunur, regional səviyyədə yeni əməkdaşlıq platformaları formalaşır, ölkəmiz nüfuzlu beynəlxalq qurumlara sədrlik edir və mühüm qlobal tədbirlərə ev sahibliyi göstərir. Dövlətimizin iqtisadi strategiyasında əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, müxtəlif iqtisadi sahələrin potensialının üzə çıxarılmasına dair ardıcıl və sistemli fəaliyyətlər dövlətlə cəmiyyət, eləcə də hökumət strukturları ilə iqtisadi iştirakçılar arasında qarşılıqlı inam mühiti yaradıb. Enerji sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sahələrinin inkişafına yönəlik davamlı addımlar atılıb və xüsusilə qeyri-neft ixracının həcminin və çeşidinin artırılması istiqamətində tədbirlər görülüb.

İslahatlar modelinin müəllifi Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını formalaşdırıb və bu model ümumi dövlət siyasətinin ayrılmaz hissəsi kimi ölkəmizin iqtisadi irəliləyişinə, beynəlxalq aləmdə mövqeyinin köklü şəkildə güclənməsinə və inkişaf etmiş dövlətlər sırasında yer almasına zəmin yaradıb. Prezidentin yürütdüyü qətiyyətli və səmərəli siyasət, icra olunan dövlət proqramları və makroiqtisadi təşəbbüslər ölkə iqtisadiyyatını daha da çoxşaxəli hala gətirir. Sosial-iqtisadi sahədə əldə olunan ciddi nailiyyətlər və düşünülmüş islahatlar sistemli yanaşma əsasında həyata keçirilib. Dövlətin iqtisadi inkişafının dayanıqlığını əsas prinsip kimi dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyata xüsusi önəm verərək bildirib: "Əgər iqtisadi qüdrətimiz olmasaydı, bu Qələbəni əldə edə bilməzdik. İlk olaraq, iqtisadi müstəqillik təmin olunmalı idi və bu reallaşdı. Hazırda Azərbaycan iqtisadi baxımdan heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan asılı deyil."

Bu gün ölkə iqtisadiyyatı enerji və qeyri-enerji sektorunun balanslı nisbəti ilə uğurla inkişaf edir. Bu amil Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda lider statusunu da möhkəmləndirir. Ölkəmizin regional mövqeyi daha da güclənir. Strateji məkanda yerləşən region üçün Azərbaycan sülh və təhlükəsizliyin təminatçısı, etibarlı tərəfdaş sayılır. Dövlətimiz indi demək olar ki, bütün regional məsələlərin əsas iştirakçısıdır və bölgədə həyati önəm daşıyan layihələrin icrası yalnız Azərbaycanın razılığı və iştirakı ilə mümkündür. Cənubi Qafqazın ən güclü dövləti kimi tanınan Azərbaycanın qonşu ölkələrlə qarşılıqlı anlaşmaya əsaslanan xarici siyasəti iqtisadi inkişafa və təhlükəsizliyə mühüm töhfə verir. "Sözdə deyilənə, verilən vədə əməl etmək" ölkəmizin müttəfiqləri ilə münasibətində əsas meyardır. Həqiqət budur ki, ölkənin iqtisadi sistemi stabildir və əlverişli investisiya mühiti mövcuddur, bu da təbii ehtiyatlara əsaslanır.

Enerji siyasəti uğurla icra olunur. Hazırkı əsas məqsəd isə enerji resurslarının şaxələndirilməsidir. Azərbaycanın qaz ixrac coğrafiyası genişlənir. Hazırda ölkənin təbii qazı səkkiz ölkəyə göndərilir ki, onların yeddisi Avropa dövlətləridir. Avropa İttifaqı ilə enerji əməkdaşlığına dair imzalanan Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Avropaya ixrac olunan qazın həcmi ikiqat artırılmalıdır. Bu əməkdaşlıq həm neft, qaz, həm də bərpaolunan enerji və enerji səmərəliliyini əhatə edir. Qlobal geosiyasi proseslər də Azərbaycanın əhəmiyyətini artırır.

Azərbaycanın bərpaolunan enerji ilə bağlı təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə sərmayələr yatırılır. Azad olunmuş torpaqlarda alternativ enerji potensialı genişdir. İqlim dəyişiklikləri ölkə iqtisadiyyatları üçün ciddi problemlər yaradır. Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi strategiyasının prioritetlərindən biri "Təmiz ətraf mühit və yaşıl inkişaf" məqsədidir. Buna uyğun olaraq, ekoloji texnologiyalara üstünlük verilir, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası dəstəklənir. İqtisadi inkişafla paralel olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və su ehtiyatlarının səmərəli idarə olunması da əsas hədəflərdəndir. "Yaşıl enerji" zonalarının formalaşdırılması vacib amil kimi qəbul olunur.

Xəzər neft-qaz sərgisi ilə bağlı ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə məktubunda Azərbaycanın bərpaolunan enerji təşəbbüslərini və enerji səmərəliliyinə dair səylərini təqdir etdiyini bildirib. Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdəki mövqeyini vurğulayıb. Azərbaycanın 2027-ci ilədək Avropaya ixrac edəcəyi qazın həcmini 20 milyard kubmetrə çatdırmaq istiqamətindəki səyləri və "yaşıl enerji"nin ixracatçısına çevrilmək yolundakı təşəbbüsləri yüksək qiymətləndirilib. Bütün bunlar ölkəmizin davamlı inkişafı üçün istər iqtisadi, istərsə də siyasi müstəvidə möhkəm zəmin yaradır.

Arzu Məmmədova- Bəkirova,
İ.Məmmədov adına 261 №li məktəb-liseyin tarix müəllimi