04 iyun 2025 13:34
179

Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladıqdan sonra sosial-iqtisadi həyatın bütün istiqamətlərində olduğu kimi, neft emalı sənayesində də əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Həmin ildən etibarən Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesi də sürətli inkişaf mərhələsinə daxil olmuşdur. Bu zaman ölkənin neft-qaz sənayesində tamamilə yeni bir dövrə start verilmişdir.

Onun təşəbbüsü və böyük zəhməti nəticəsində 1970-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 adda 400-dən artıq ağır yükqaldıran kran gəmisi, boru döşəyən, seysmik, sərnişin və digər tipli gəmilər gətirilmişdir. Xəzər dənizində 2500 tonluq "Azərbaycan" kranı, "Xəzər" markalı özüqalxan və daha sonra 200 metr dərinlikdə fəaliyyət göstərə bilən "Şelf" tipli yarımdalma qazma qurğularının alınması dənizin dərin hissələrində zəngin neft və qaz yataqlarının aşkar olunmasına imkan yaratmışdır. Bu nəticədə 1960-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf olunmuş, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırılmışdır. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon ton (şərti yanacaqla) səviyyəsinə çatdırılmışdır. 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdırılmış və onların vasitəsilə indi Azərbaycanın əsas neft ehtiyatlarının yerləşdiyi 80-350 metr dərinlikdə olan yataqlar (Günəşli, Çıraq, Azəri və s.) aşkara çıxarılmışdır.

Məhz dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq ölkəmizdə neft emalına dair xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Bu proqram çərçivəsində müasir avadanlıqlarla təchiz edilmiş zavodlar yaradılmış, yeni texnoloji qurğular inşa olunmuşdur. Eyni zamanda mövcud neftayırma zavodlarının yenidən qurulmasına başlanmışdır. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı ardıcıl şəkildə icra olunmuş, nəticədə bu sahədə keyfiyyət dəyişiklikləri dərinləşmişdir. Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci ildə "Katalitik Riforminq", 1986-cı ildə "Kokslaşdırma", 1993-cü ildə isə "Katalitik Krekinq" qurğuları inşa edilmişdir. Hələ sovet hakimiyyəti dövründə onun rəhbərliyi ilə görülən bu işlər və yaradılan möhkəm baza bu gün Azərbaycanın neft sənayesinin beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına təkan vermişdir.

Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodunun məhz Bakıda inşa edilməsi üçün Sovetlər İttifaqının dövründə 450 milyon ABŞ dolları ayrılmış, bu məqsədlə Moskvadan xüsusi icazənin alınması təmin olunmuşdur (halbuki bu zavodun Həştərxanda inşası planlaşdırılırdı). Bu isə Heydər Əliyevin iradəsinin və siyasi qətiyyətinin göstəricisidir. Zavodun inşasına 1978-ci ildə başlanılmış və 1989-cu ildə istismara verilmişdir.

Bu fəaliyyətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. O, çox yaxşı anlayırdı ki, bu genişmiqyaslı tədbirlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsini təşkil edəcək. Zaman sübut etdi ki, Heydər Əliyev haqlı idi. Müstəqillik əldə edildikdən sonra Azərbaycan 1990-cı illərin əvvəllərində ağır iqtisadi və sosial problemlərlə üzləşmişdir. SSRİ-nin dağılmasından sonra iqtisadi əlaqələrin pozulması, ölkədə sabitliyin olmaması, maliyyə və texniki təminatın olmaması neft və qaz sahəsini dərin böhranla üz-üzə qoymuşdur. Bu vəziyyətdə "Azəri", "Çıraq", "Günəşli" kimi iri yataqların işlənməsi mümkün deyildi. Belə bir şəraitdə xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" prinsipi ilə çıxış edərək neft sənayesinin bərpasına və inkişafına ciddi diqqət ayırmışdır. O zaman mövcud olan iki seçimdən biri edilməli idi: ya uzun illər ölkənin iqtisadi sabitliyini gözləmək, ya da xarici neft şirkətlərini əməkdaşlığa cəlb etmək. Heydər Əliyev ikinci yolu seçərək "Yeni neft strategiyası"nın əsasını qoymuşdur. Prezidentin göstərişi ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqları üzrə xarici şirkətlərlə danışıqlara başlanmışdır. Bu strateji prosesə dərhal İlham Əliyev – ARDNŞ-in birinci vitse-prezidenti cəlb olunmuş və danışıqlarda aktiv iştirak etmişdir. 1994-cü il sentyabrın 20-də 7 ölkənin 11 neft şirkəti ilə "Məhsulun Pay Bölgüsü" sazişi – "Əsrin müqaviləsi" imzalanmışdır.

"Əsrin müqaviləsi"nin imzalanmasından ötən 20 ildən çox müddət ərzində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanın müasir dövrdə öz sərvətinə sahib çıxması, iqtisadi suverenliyə nail olması və dinamik inkişaf edən, demokratik dövlət kimi formalaşmasında əsas rol oynamışdır.

Rüqəyya Nəsirli,
İ.Məmmədov adına 261 №li məktəb-liseyin tarix müəllimi